Avropanın enerji təhlükəsizliyi sınağı - Azərbaycanın artan rolu

Dünyada baş verən geosiyasi dəyişikliklər, pandemiyadan sonra (2020-ci ildəki COVİD pandemiyası) iqtisadiyyatda fəallığın bərpası ilə yanaşı, bir sıra ölkələrdə enerjiyə tələbat sürətlə artmağa başladı. Qaz bazarında tələbin təklifi qarşılamaqda çətinlik çəkdiyi bir dövrdə Ukrayna-Rusiya müharibəsinin başlaması da (2022-ci il) vəziyyəti daha da gərginləşdirdi. Avropa uzun illər əsas enerji təchizatçısı olan Rusiyadan qaz tədarükünü kəskin şəkildə azaltdı, Brüssellə Moskva arasında münasibətlər gərginləşdi. Bu isə köhnə qitənin enerji siyasətində ciddi problemlərə və dəyişikliklərə yol açdı. Bu yaxınlarda isə Norveçdə hasilatın dayanması, Almaniyada qaz anbarlarının doluluğunun aşağı səviyyəyə düşməsinə paralel olaraq, bazar qiymətlərinin yüksəlməsi Avropanın enerji böhranının astanasında olduğunu göstərir.

Norveçdə problem, Avropanın enerji təminatında yeni risk

Rusiya-Ukrayna müharibəsi ilə bağlı Avropa rus qazından imtina etdiyi üçün Norveç qitənin əsas təchizatçısına çevrilmişdi. Amma Norveçin qaz sənayesində baş verən hadisələr də sübut edir ki, Avropanın alternativ mənbələrdən asılılığı da risklidir. Çünki 4 noyabr tarixində Şimal dənizindəki Norveçin Visund platformasında elektrik sistemində yanğın baş verib və hasilat dayandırılıb. Bu platformanın gündəlik 13.2 milyon kubmetr qaz ötürmək gücünün olduğunu düşünsək, Avropaya təchizatda hansı ləngimələrin olduğunu dərk edərik. Noyabr ayında eyni zamanda Norveçin digər iki əsas qaz yatağında, yəni "Troll", "Asqardda" da fasilələr qeydə alınıb. Analitiklərin hesablamalarına görə, "Troll" yatağında hasilat gündə təxminən 50 milyon kubmetr, "Asgard" yatağında isə gündə 8,9 milyon kubmetr azalıb və gündə 13,2 milyon kubmetr tutuma malik Visund yatağı yanvar ayına qədər fəaliyyətini dayandırıb.

Problem bununla da bitmir. Köhnə Qitə qış mövsümünə də az ehtiyatla daxil olub. Sentyabrın sonunda Avropa İttifaqının qaz anbarları cəmi 72%, Almaniyanın anbarları isə 58% dolu olub. Noyabrın 22-də isə bu göstəricilər müvafiq olaraq 68,9 və 56,5 faizə düşüb. Beləliklə, Avropa qış mövsümünə həm əsas təchizatçılarından birində yaranan hasilat problemləri, həm də əvvəlki illərlə müqayisədə daha zəif ehtiyatlarla daxil olur.

Enerji böhranı və Bakıya yönələn maraqlar

Almaniyanın son dövrlər üzləşdiyi və bir çox hesabatlarda, proqnozlarda yer alan enerji böhranı sadəcə qaz anbarlarının dolu olmaması səbəbindən qaynaqlanmır. Bu böhranın kökündə son illərdə rəsmi Berlinin enerji sistemində apardığı köklü dəyişikliklər, bunun iqtisadiyyata təsiri ilə yanaşı, alternativ mənbələrin əvvəlki təchizat modelini hansı sürətlə əvəz edə bilməsi dayanır. Paralel olaraq isə Almaniyanın nüvə enerjisindən imtina etməsini də bu sıraya daxil edə bilərik. Ölkədəki son üç AES 2023-cü ilin 15 aprel tarixində fəaliyyətini dayandırıb.

Uzun illər qazı əsasən Rusiyadan əldə edən Almaniya üçün Rusiya-Ukrayna müharibəsi bu sahədə ciddi problemlərə səbəb oldu. Avropa İttifaqının rəsmi məlumatlarına görə, Rusiyanın Aİ-nin qaz idxalındakı payı 2021-ci ildəki 45 faizdən 2025-ci ildə 12 faizə qədər azalıb. Bu isə Almaniyada sənaye sahələrinə də ciddi təsir edib. Almaniyanın Federal Statistika İdarəsinin 16 noyabr 2026-cı il tarixli məlumatına görə, ölkə sənayesinin enerji istehlakı 2025-ci ildə əvvəlki illə müqayisədə 2,9 faiz azalıb. Enerji tutumlu sənaye sahələrində azalma 2,8 faiz təşkil edib və statistika bunu, digər amillərlə yanaşı, yüksək enerji qiymətləri və istehsalın azalması ilə əlaqələndirir. Daha diqqətçəkən məqam odur ki, sənayedə istifadə olunan enerjinin 29,2 faizi hələ də təbii qazın payına düşür. Deməli, Almaniyanın qazdan asılılığı azalsa da, sənaye iqtisadiyyatı üçün bu resursun əhəmiyyəti qalmaqdadır.

Əslində Almaniyanın üzləşdiyi enerji çətinlikləri bütün Avropada müşahidə olunan daha geniş problemin bir hissəsidir. Avropa ölkələri indi eyni vaxtda bir neçə problemlə üzləşirlər: qaz ehtiyatlarının əvvəlki illərlə müqayisədə aşağı olması, Norveç kimi əsas təchizatçılarda hasilat fasilələri, mayeləşdirilmiş qaz uğrunda qlobal rəqabət və enerji xərclərinin sənayenin rəqabət qabiliyyətinə təsiri. Bu da rəsmi Brüsseli enerji siyasətini yenidən nəzərdən keçirməyə vadar edir. Çünki enerji siyasətində təchizat mənbələrinin şaxələndirilməsi artıq seçim deyil. Bu, iqtisadi təhlükəsizliyin əsas şərtlərindən biri, bəlkə də ən vacibidir.

Almaniya və digər Avropa ölkələri enerji təminatını daha etibarlı əsaslar üzərində qurmaq üçün yeni tərəfdaşlara, əlavə qaz həcmlərinə və alternativ nəql marşrutlarına ehtiyac duyurlar. Məhz bu axtarış fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu və Berlinlə Bakı, Brüssellə Bakı arasında son dövrdə intensivləşən enerji təmasları xüsusi əhəmiyyət qazanır. Belə şəraitdə Azərbaycan Avropa üçün sadəcə əlavə qaz satıcısı deyil, enerji marşrutlarının və təchizat coğrafiyasının genişləndirilməsində əhəmiyyətli tərəfdaşdır.

Azərbaycan Avropanın enerji xəritəsində aktora çevrilir

Yuxarıda da qeyd etdiyimiz kimi, Avropa enerji təhlükəsizliyini möhkəmləndirdiyi bir dövrdə bu xəritədə Azərbaycanın rolu daha da artır. Bu maraq artıq sadəcə siyasi bəyanatlar və açıqlamalarla məhdudlaşmır. Ortada konkret müqavilələr, qaz tədarükü və infrastruktur layihələri var. Son aylarda Avropa rəsmilərinin Azərbaycana edilən intensiv səfərləri də bunu sübut edir. 2026-cı ilin martında Avropa Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının enerji üzrə komissarı Dan Yorgensenin, may ayında Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasın, ardınca İtaliyanın Baş naziri Corcia Meloninin Azərbaycana səfərləri, iyulda isə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıda Prezident İlham Əliyevlə görüşü təsadüfi diplomatik təmaslar kimi qiymətləndirilə bilməz. Çünki bu görüşlər zamanı enerji təhlükəsizliyi, "yaşıl enerji", nəqliyyat dəhlizləri kimi strateji məsələlər müzakirə edilib. Bu da Azərbaycanın Avropa üçün strateji müttəfiqə çevrildiyini sübut edir. Rəsmilərin açıqlamaları da göstərir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində sadəcə qaz satışını artırmır, bütövlükdə regionun enerji xəritəsində mövqeyini gücləndirir. Cənub Qaz Dəhlizi, SOCAR ilə Almaniyanın SEFE dövlət enerji şirkəti arasındakı 10 illik müqavilə, artıq Avropanın 12 ölkəsinə qaz ixracı, Mərkəzi Asiyanın bərpaolunan enerji potensialını Avropa bazarlarına çıxarmağı hədəfləyən layihə, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi kimi iri layihələr sübut edir ki, Azərbaycanın Avropa ilə enerji sahəsində əməkdaşlığı daha üst mərhələyə keçid edib. Yəni, Azərbaycan Avropanın enerji xəritəsində əsas aktorlardan birinə çevrilir.

Bu layihələrin əhəmiyyəti təkcə yeni enerji mənbələrinin yaradılmasında deyil. Azərbaycan Avropanın enerji təhlükəsizliyində həm qaz tədarükçüsü, həm Xəzər və Mərkəzi Asiya resurslarının tranzit ölkəsi, həm də yaşıl elektrik enerjisinin ötürülməsi üçün əsas bağlantı məntəqəsinə, kilid nöqtəyə çevrilir.

Yekun olaraq, deyə bilərik ki, Avropanın bu gün yaşadığı enerji böhranı qitənin enerji arxitekturasının yenidən qurulmasını vacib edir. Bu gün dünyada dəyişən geosiyasi reallıqlar isə diktə edir ki, enerji təhlükəsizliyini təmin etmək üçün şaxələndirilmiş marşrutlar və etibarlı tərəfdaşlara ciddi ehtiyac var. Bu nöqtədə isə Azərbaycan həm neft-qaz yataqları, həm də yaşıl enerji dəhlizləri ilə Avropanın enerji xəritəsində əsas aktora çevrilir. Bu da öz növbəsində Azərbaycanın dünya, xüsusən də Avropa üçün geoiqtisadi əhəmiyyətini artırır...