“Müəyyən müddətdir icrası davam edən və texniki-iqtisadi əsaslandırılması artıq başa çatmış Azərbaycan-Avropa Yaşıl Enerji Dəhlizi layihəsini də ölkələrimizin iştirakı ilə həyata keçirilən layihələr sırasında xüsusi qeyd etmək istərdim”.
Bunu 24 noyabr 2026-cı il tarixində Xarici İşlər Nazirliyinin inzibati binasında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə birgə mətbuat konfransında Ceyhun Bayramov dedi.
Onun sözlərinə görə, nəqliyyat-logistika sahəsində Azərbaycan və Gürcüstan arasında uzun müddətdir əməkdaşlıq mövcuddur:
“Gürcüstan hər zaman digər ölkələr, xüsusilə qonşu dövlətlər üçün etibarlı və mühüm nəqliyyat dəhlizi olub. Lakin dünyada baş verən proseslər və geosiyasi dəyişikliklər bu dəhlizin əhəmiyyətini və marşruta olan tələbatı xeyli artırıb. Ölkələrimizin fəal iştirakı ilə Şərq-Qərb dəhlizinin potensialının artırılması istiqamətində son dərəcə mühüm işlər həyata keçirilir. Bunun nəticəsində dəhliz üzrə daşımaların artımını müşahidə edirik. Bu mənada, bu il Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin potensialının artırılması və müvafiq işlərin tamamlanmasını da xüsusi qeyd etmək istərdim. 2026-cı ildə Şərq-Qərb nəqliyyat konsepsiyası çərçivəsində Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətinin yenidən bərpa olunmasını, eləcə də təmasların intensivləşməsini və insanlar arasında əlaqələrin artmasını xüsusi vurğulamaq istərdim.
Uzun müddət ərzində Azərbaycan-Gürcüstan nəqliyyat infrastrukturu haqqında danışarkən əsasən iki ölkə, xüsusilə də Avropa ilə Mərkəzi Asiya arasında mövcud olan nəqliyyat dəhlizlərini nəzərdə tuturduq. Son zamanlar isə bölgəmizdə, Cənubi Qafqazda formalaşmış yeni reallıqlar fonunda diqqət yeni tranzit imkanlarına yönəlib. Azərbaycan tərəfindən təqdim edilən və həyata keçirilməsi nəzərdə tutulan yeni tranzit təşəbbüsləri çərçivəsində Gürcüstanın nəqliyyat sistemindən də istifadə olunması məsələsi gündəmə gəlir. Hesab edirik ki, bu, Gürcüstan üçün də mühüm imkanlar yaradacaq”.