“Bavariya” Keynin əvəzləyicisi üçün 7 namizəd müəyyənləşdirdi

Almaniyanın “Bavariya” klubu futbolçusu Harri Keynin əvəzinə yanvarda yeni hücumçu transfer etməyi planlaşdırır.

Buna səbəb ingiltərəli forvardın Bundesliqanın XII turunda “Köln”lə keçirilən oyunda (1:1) sol ayaq biləyindən zədələnməsidir.

Münhen təmsilçisi yanvarda hücum xəttini gücləndirmək üçün bir neçə futbolçunu nəzərdən keçirir. Namizədlər arasında Belçikanın “Brügge” klubunun hücumçusu Nikolo Tresoldi də var.

22 yaşlı futbolçu üçün 60 milyon avro tələb olunduğu bildirilir. Onunla “Milan” da maraqlanır.

“Bavariya” Almaniyanın “Ayntraxt” klubunda çıxış edən Yunus Ebnutalibi də izləyir. 23 yaşlı hücumçu cari mövsümdə 12 oyunda 8 qol vurub.

Münhen klubu, həmçinin PSV-nin hücumçusu Rikkardo Pepi, “Brentford”dan İqor Tiaqo, “Monako”dan Paris Brunner və Folarin Baloqunun transferini nəzərdən keçirir. Erik-Maksim Şupo-Motinqin də mümkün namizədlər sırasında olduğu bildirilir.