ABŞ-də 58 yaşlı qadın genetik modifikasiya edilmiş donuz böyrəyi ilə ciddi fəsadlar yaşamadan bir il keçirib.
Bu, köçürülmüş donuz böyrəyinin insan orqanizmində fəaliyyət müddəti baxımından yeni rekord hesab olunur.
Bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Nyu-Hempşir ştatında yaşayan, iki uşaq anası və keçmiş aşpaz Molli Falko donuz böyrəyi ilə ən uzun müddət yaşayan şəxs olub.
Mass General Brigham Transplantasiya Mərkəzində böyrək transplantasiyası üzrə tədqiqata rəhbərlik edən doktor Leonardo Rielinin sözlərinə görə, köçürülmüş orqan yalnız toksinləri xaric etmir və sidik istehsal etmir, həm də insan böyrəyinin digər mühüm funksiyalarını yerinə yetirir. Belə ki, o, orqanizmdə maye və mineral balansını tənzimləyir.
Həkim bu nəticənin texnologiyanın tətbiq oluna biləcəyinə dair inamı artırdığını bildirib. Onun sözlərinə görə, donuz böyrəklərinin insan orqanizmində işləyə bilməsi artıq daha aydın görünür.
Bu nailiyyət donor orqanlarının çatışmazlığı fonunda xüsusi əhəmiyyət daşıyır. ABŞ-da yarım milyondan çox böyrək çatışmazlığından əziyyət çəkən şəxs dializ müalicəsindən asılıdır. Təxminən 90 min nəfər böyrək transplantasiyası üçün gözləmə siyahısındadır. Ötən il isə ölkədə 26 mindən az böyrək köçürülməsi əməliyyatı həyata keçirilib.
Məlumata görə, hər gün orta hesabla 12 nəfər transplantasiya əməliyyatını gözləyərkən həyatını itirir.
Genetik modifikasiya edilmiş donuzlardan əldə olunan orqanların insanlara köçürülməsi hələlik eksperimental mərhələdədir. Bununla belə, mütəxəssislər hesab edirlər ki, əldə olunan nəticə gələcəkdə bu heyvanların donor böyrəklərinin geniş mənbəyinə çevrilməsi perspektivini yaxınlaşdırır.
Qeyd edək ki, bu ilin sentyabrında ABŞ-də başqa bir xəstənin genetik modifikasiya edilmiş donuz böyrəyi ilə doqquz ay yaşadığı bildirilmişdi. Bu, dünyada donuz böyrəyinin adi donor orqanı əldə edilənədək müvəqqəti vasitə kimi istifadə olunduğu ilk hal idi.