Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin geri qayıdışı və mina təhlükəsi barədə gürcüstanlı həmkarı Maka Boçorişviliyə məlumat verib. Bu barədə Bayramov Bakıda Maka Boçorişvili ilə birgə mətbuat üçün keçirdiyi brifinqdə bildirib.
Nazir qeyd edib ki, görüşdə beynəlxalq gündəlikdəki məsələlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi, Qara dəniz regionundakı gərginlik və Yaxın Şərqdəki qeyri-müəyyən vəziyyət də müzakirə olunub.
Onun sözlərinə görə, bu bölgələrdə baş verən hadisələr Azərbaycan və Gürcüstan üçün də ciddi çağırışlar yaradır.
Bayramov vurğulayıb ki, hər iki ölkənin mövqeyi münaqişə və müharibələrin mümkün qədər qısa müddətdə başa çatdırılması, bunun üçün siyasi və diplomatik yolların tapılması istiqamətində səylərin göstərilməsindən ibarətdir.