Ceyhun Bayramov: Azərbaycandan Ermənistana məhsulların tranziti Gürcüstan nəqliyyat sisteminin töhfəsidir

Gürcüstan Azərbaycandan Ermənistana yüklərin, o cümlədən neft məhsullarının tranzitini təmin etməklə Cənubi Qafqazda etimadın möhkəmləndirilməsinə və yeni reallıqların formalaşmasına töhfə verir.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.

Onun sözlərinə görə, ötən ildən etibarən Azərbaycan Ermənistana yüklərin tranzitinə icazə verib. Bundan başqa, ötən ilin sonunda uzun fasilədən sonra bu ölkəyə bir sıra Azərbaycan məhsullarının, ilk növbədə, neft məhsullarının tədarükünə başlanılıb. Daşımalar Gürcüstanın nəqliyyat sistemi vasitəsilə həyata keçirilir.

"Hesab edirik ki, bununla da Gürcüstan Cənubi Qafqazda etimadın möhkəmlənməsinə və yeni reallıqların formalaşmasına töhfə verir. Fürsətdən istifadə edərək, ölkəmiz adından hörmətli həmkarıma bir daha təşəkkür etmək istərdim", – C.Bayramov qeyd edib.

XİN başçısı həmçinin Şərq və Qərbi birləşdirən Orta Dəhlizin inkişafı üçün iki ölkənin nəqliyyat əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, son illərdə bu marşruta maraq əhəmiyyətli dərəcədə artıb, daşınan yüklərin həcmi isə ildən-ilə çoxalır.

C.Bayramov 2026-cı ilin mühüm hadisələri sırasında Bakı – Tbilisi – Qars dəmir yolunun Gürcüstan hissəsinin ötürücülük qabiliyyətinin artırılması üzrə işlərin başa çatdırılmasını qeyd edib.

O, həmçinin iki ölkə sakinləri arasında təmasların genişlənməsinə töhfə verən Bakı – Tbilisi – Bakı sərnişin qatarının fəaliyyətinin bərpasını diqqətə çatdırıb.