Süni intellekt dövründə sözlə çarpışmaq... - Yaxşı roman müəllifini unutdururmu?

Kulis.az Eser Kurunun "Yaxşı roman müəllifini unutdururmu?" essesini təqdim edir.

21 sentyabrda Fransada 38 yaşlı Telizon Orelyenin (Thelyson Orelien) ilk romanı “Fnac” Roman Mükafatını qazandı. Qısa müddət sonra “X” sosial şəbəkəsində anonim bir hesab kitabın, demək olar ki, tamamilə süni intellektlə yazıldığını iddia etdi və bir aşkarlama alətinin nəticələrini paylaşdı. Orelyen ittihamı qəti şəkildə rədd etdi, romana 2017-ci ildə başladığını dedi.

Nəşriyyatı “Grasset” də iddiaları qərəzli hesab etdiyini açıqladı. Bir neçə gün sonra yazıçının köhnə yazıları ilə bağlı plagiat iddiaları ortaya çıxdı və Qonkur Akademiyası hər iki iddianı əsas gətirərək romanı mükafat siyahısından çıxardı. Oktyabrda kanadalı naşiri “Boreal” qaralama fayllarının metaməlumatlarında süni intellekt izləri tapdığını açıqladı və yazıçı ilə yollarını ayırdı. Süni intellektin mətnə nə dərəcədə müdaxilə etdiyini isə bilmədiyini etiraf etdi.

Orelyen köhnə plagiatlarını qəbul edir, süni intellekti isə hələ də inkar edir. Mübahisə böyüdükcə roman da satıldı, Fransadakı satışlar 65 minə çatdı. Plagiat ayrı məsələdir, aşkarlama alətlərinin nə dərəcədə etibarlı olduğu da həmçinin. Mənim ağlıma isə başqa bir sual gəldi: tutaq ki, süni intellekt bu romanın əhəmiyyətli bir hissəsini həqiqətən yazıb. Bu, romanı bir anda bayağı, ruhsuz, soyuq bir mətnəmi çevirir?

Bu sual üzərində düşünərkən yadıma Xorxe Luis Borxesin 1939-cu ildə yazdığı bir hekayə düşdü. “Don Kixotun müəllifi Pyer Menar” adlı hekayədə fransız bir yazıçı “Don Kixot”u üzündən köçürmədən, sözbəsöz yenidən yazmağa girişir. Ortaya çıxan bir neçə fəsil Servantesinki ilə hərfbəhərf eynidir. Buna baxmayaraq, təhkiyəçi Menarın mətnini daha zəngin hesab edir, çünki onun fikrincə, eyni cümləni XVII əsrdə keçmiş bir ispan əsgərinin yazması ilə XX əsrdə bir fransız intellektualının yazması eyni şey deyil.

Borxes bunu zarafat kimi yazmışdı, əlbəttə. Bu gün isə o qədər də gülməli gəlmir.

Süni intellektlə birlikdə yazıçının yazmaqdan çox seçən birinə, bir növ kuratora çevrildiyini tez-tez eşidirik. Doğru müşahidədir, amma natamam görünür. Ədəbiyyat bunu çoxdan edir.

XX əsrin ən məşhur poemalarından olan “Bəhərsiz torpaq” buna yaxşı nümunədir. T.S. Eliot poemanın uzun və dağınıq qaralamasını 1922-ci ildə dostu, şair Ezra Paunda verdi.

Paund qələmi əlinə aldı, bəyənmədiyi hissələri amansızcasına pozdu. Poema onun əlindən, demək olar ki, yarıbayarı qısalmış şəkildə çıxdı. Bu gün oxuduğumuz “Bəhərsiz torpaq” bir az Eliotun, bir az da Paundun pozanının əsəridir.

İncəsənətdə də bənzər bir hekayə var. Marsel Düşan 1917-ci ildə Nyu-Yorkda bir sərgiyə üzərinə təxəllüslə imza atılmış adi bir pisuar göndərdi. Aləm bir-birinə dəydi. Əsəri müdafiə edən bir jurnal məqaləsində deyilirdi ki, sənətkarın o əşyanı öz əli ilə düzəldib-düzəltməməsinin heç bir əhəmiyyəti yoxdur, əsas olan onu seçməsidir.

Seçərək yaratmaq yeni bir şey deyil. Amma bu gün seçdiyimiz şeyin mənbəyi dəyişib. Paundun qarşısında Eliotun öz yazdığı misralar var idi. Bizim qarşımızda isə süni intellekt maşınının bizim üçün hazırladığı variantlar dayanır. Üstəlik, bu variantlar təsadüfi deyil. Dil modeli milyardlarla mətndən öyrəndiyi ehtimallar əsasında işləyir, buna görə də qarşımıza əsasən ən çox işlənən sözlər, ən tanış obrazlar çıxır. Maşının təklif etdiyi on giriş cümləsi on fərqli qapı kimi görünür, amma əksəriyyəti eyni dəhlizə açılır.

Süni intellektə haqsızlıq da etmək istəmirəm. Doğru sualı verə bilmək özü bir sənətdir. Yaxşı bir sorğu (prompt) yazmaq şahidə sual verməyə bənzəyir. Sualı səhv verən vəkil ən dürüst şahiddən belə işəyarar cavab ala bilməz. Maşından həmişə eyni dəhlizi alan biri bəlkə də həmişə eyni sualı verir. Sualı dəyişdikdə cavabın da dəyişdiyini bu alətlərlə işləyən hər kəs görüb. Bəzən insanı heyrətləndirəcək dərəcədə dəyişir.

Yenə də seçən insan ideyasının qaranlıq bir tərəfi var. Hər gün eyni menyuya baxan adam bir müddət sonra siyahıda olmayan yeməyi istəməyi unudur. Zövqümüz qarşımıza qoyulana görə formalaşır. Yazıçı üçün də vəziyyət fərqli deyil. Maşının ağlına gəlməyən cümləni axtarmağı dayandırdığı gün, seçdiyi cümlə nə qədər yaxşı olursa-olsun, öz səsindən uzaqlaşıb bir ortalamaya yaxınlaşmış olur. Halbuki ədəbiyyat tarixinə nəzər salanda həmişə ortalamadan kənara çıxanları xatırlayırıq.

Folknerin oxucuya nəfəs aldırmayan cümlələri və ya Oğuz Atayın öz-özünə söz yetirən təhkiyəçiləri heç bir ehtimal hesablamasında ilk sıraya çıxmazdı. Sait Faiqin yarımçıq qalmış kimi görünən hekayə sonluqlarını da buna əlavə edə bilərik.

Kuratorluq təkbaşına yazıçını xilas etmir. Əsas məsələ seçimin haradan gəldiyidir. Bəyəndiyiniz bir cümləni götürüb işlətməklə nə axtardığınızı bildiyiniz üçün uyğun gəlməyənləri əlinizin tərsi ilə kənara itələmək eyni şey deyil. Birində süni intellekt maşını sizə nə istədiyinizi deyir, digərində siz ona nə istəmədiyinizi göstərirsiniz. Bu dövrdə yazıçını yazıçı edən şeyin “xeyr, bu deyil” deyə bilmək inadı olduğunu düşünürəm - xüsusilə də qarşınızdakı variant qüsursuz görünəndə...

Doğru sözü tapa bilməmək də işin bir hissəsidir. Qustav Flober “Madam Bovari” üzərində işləyərkən sevgilisi, şair Luiza Koleyə yazdığı məktubda bir səhifənin bütün gününü aldığını, çox vaxt bircə söz üçün saatlarla çarpışdığını yazır. Bitmiş yüz iyirmi səhifə üçün ən azı beş yüz səhifə qaralamışdı. Bu, adətən bir əzab kimi təsvir olunur. Mənə isə elə gəlmir. Düşüncə məhz o sürtünmənin içində formalaşır. Kəlməni tapmayanda əslində nə demək istədiyinizi hələ tam bilmirsiniz, axtardıqca, eşələdikcə öyrənirsiniz. Süni intellekt maşını o boşluğu bir saniyədə dolduranda sözlə birlikdə bu öyrənmə prosesini də əldən vermək ehtimalımız var. Məncə, problem maşının yazması deyil, bizim axtarmaqdan imtina etməyə dünəndən razı olmağımızdır.

Hüquq bu məsələdə ədəbiyyatdan daha az tərəddüdlüdür. Bizim hüququmuzda bir əsərin qorunması üçün müəllifinin fərdiyyətini (xüsusiyyətini) daşıması tələb olunur. “Fərdiyyət" - köhnə və gözəl bir sözdür. "Süni intellekt maşınının fərdiyyəti olarmı?" sualına bugünkü ümumi meyil “xeyr” cavabını verir.

Amerikada Kris Kaştanova adlı bir rəssamın başına gələnlər bunu yaxşı göstərir. Təsvirlərini “Midjourney” adlı süni intellekt alətinə hazırlatdığı “Zarya of the dawn” (“Şəfəqin Zaryası”) adlı komiksi əvvəlcə qeydiyyata alınmışdı. ABŞ Müəllif Hüquqları İdarəsi rəsmlərin necə yaradıldığını öyrəndikdə qeydiyyat dairəsini daraltdı: mətn və səhifələrin tərtibatı qorundu, rəsmlər isə qorunmadı. İdarə 2025-ci ildəki hesabatında da təkcə sorğu (prompt) yazmağın insanı müəllif etməyə kifayət etmədiyini bildirdi. Hüquqşünas kimi bu məntiqi başa düşürəm, amma yazıçı kimi ürəyimə tam yatmır. Rejissor kameranı özü tutmur, yenə də bizim hüququmuz onu kino əsərinin müəllifləri sırasında sayır. Sorğu yazan hər kəsin müəllif sayılmalı olduğunu demirəm. İki sətirlik bir əmrlə ortaya çıxan mətni mənimsəmək mənə də ağlabatan gəlmir. Amma həftələrlə əlləşən, maşının təkliflərini geri çevirən, yenidən sual verən və sonunda axtardığını tapan birinin zəhmətini hüququn bir gün ən azından müzakirə edəcəyini düşünürəm.

Fransız mütəfəkkiri Mişel Fukonun “müəllif funksiyası” adlandırdığı anlayış ən çox bu sahədə yaşayır. Bir mətnin arxasında, lazım gələrsə, hesab verəcək bir ad axtarırıq. Bu yazını da əvvəlcə bu fikrə bağlamağı düşünmüşdüm. Oxucunun yazıçıya bir şahidə güvəndiyi kimi güvəndiyini, maşının isə heç nəyin arxasında durmadığını yazacaqdım. Sonra Homeri xatırladım.

“İliada”nı kimin yazdığını bilmirik. Homer adlı birinin həqiqətən yaşayıb-yaşamadığı, tək bir şəxs olduğu, yoxsa nəsillər boyu şifahi ənənədə toplanan şeirlərin sonradan bir ada bağlandığı bu gün də mübahisə mövzusudur. Buna “Homer məsələsi” deyilir. Ortada nə bir imza var, nə də hesab verəcək biri. Buna baxmayaraq, Axillesin qəzəbindən min illərdir bəhs olunur. Ədəbiyyat tarixi boyu dönüb baxdığımız şey kimin yazdığı olmayıb, nə yazıldığı olub. Bir mətnin dəyəri onun istehsal olunduğu vasitənin mənşə şəhadətnaməsinə baxılaraq ölçülmür.

Yazıçıların öz kitabları haqqında danışması da elə buna görə məni o qədər maraqlandırmır. Bir yazıçı romanını izah etmək üçün romanının özündən daha çox danışırsa, düşünürəm ki, o romanı bizim üçün deyil, öz zehni daxilindəki qüsursuz və səhvsiz anlaşılma eqosu üçün yazıb. Oxucunu azad buraxmayan hər bir izahat ona atılmış bir təhqir kimidir. Bir kitabın süni intellektlə yazılıb-yazılmadığı sualı da mənə eyni qəbildən görünür. O da oxucunu səhifədən ayırıb səhifənin xaricinə - kitabın necə ərsəyə gəldiyinə baxmağa çağırır.

Yazıçının zəhmətini kiçiltdiyim düşünülməsin. Yazıçı yazı masasının arxasında olanda mövcuddur. Süni intellekt maşınından istifadə etsə də, etməsə də, cümləni saxlayan da, digərlərini zibil qutusuna atan da, axtarmaqdan vaz keçməyən də odur. Kitab oxucuya keçdikdə isə geri çəkilməyi bacarmalıdır.

Fransız tənqidçisi Rolan Bart 1967-ci ildə buna “müəllifin ölümü” adını vermişdi. Onun fikrincə, oxucunun doğulması üçün müəllifin səhnədən çəkilməsi lazım idi. Süni intellekt dövründə bu fikir mənə əvvəlkindən də yerində görünür.

Yazının əvvəlində xatırlatdığım Borxes hekayəsi də yazıçı ilə deyil, oxucu ilə bitir. Təhkiyəçi Menarın “Don Kixot”unu təriflədikdən sonra bizə kiçik bir oyun təklif edir: bir kitabı başqa birinin yazdığını düşünərək oxumaq. O deyir ki, bu oyun ən sakit kitabları belə bir macəraya çevirir.

Fransadakı mübahisənin necə bitəcəyini, Orelyen haqqındakı iddiaların doğru çıxıb-çıxmayacağını bilmirəm. Bildiyim bir şey var: yaxşı bir roman bir neçə səhifədən sonra onu kimin yazdığını unutdurur.

Unutdura bilməyən roman isə imzasının kimə məxsus olmasından asılı olmayaraq uduzub. Homerin kim olduğunu bu gün də bilmirik. “İliada”nı isə yenə də oxuyuruq.

Türk dilindən tərcümə etdi: Sevinc Mürvətqızı