Deputat insan alveri, transmilli cinayət şəbəkələri və vətəndaşlarımızın təhlükəsizliyindən danışdı

Prezident İlham Əliyevin 15 iyul tarixli sərəncamı ilə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib. Beynəlxalq təcrübə göstərir ki, transmilli cinayət şəbəkələri insanları saxta iş vədləri ilə xarici ölkələrə apararaq fırıldaqçılıq fəaliyyətlərinə cəlb edir, bəzən isə onları özləri də cinayət qurbanına çevirirlər. Cənub-Şərqi Asiyada genişlənən bu fəaliyyətlərin

Bəs, bu cür transmilli cinayət şəbəkələrinin fəaliyyətinin qarşısının alınmasında Azərbaycanın təhlükəsizlik strategiyasında hansı istiqamətlərə xüsusi diqqət yetirilməlidir? Xaricdə iş axtaran vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, mümkün risklərin qabaqcadan müəyyənləşdirilməsi və beynəlxalq cinayət şəbəkələrinə qarşı mübarizənin gücləndirilməsi baxımından hansı əlavə mexanizmlərə ehtiyac var?

Moderator.az-ın yaranmış suallarını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev cavablandırıb.

Deputat qeyd edib ki, insan alveri ilə mübarizə Azərbaycanın təhlükəsizlik strategiyasında bir neçə mühüm istiqaməti əhatə edir:

"Bunlardan biri preventiv təhlükəsizlikdir. Vətəndaşların xaricə getməzdən əvvəl mümkün risklərdən qorunması, saxta iş təkliflərinin aşkarlanması və qanunsuz vasitəçilərin fəaliyyətinin qarşısının alınması bu istiqamətin əsas prioritetlərindəndir.

Operativ təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, kəşfiyyat-analitik imkanların genişləndirilməsi, kibercinayətkarlıqla mübarizə, beynəlxalq məlumat mübadiləsi və maliyyə araşdırmalarının effektivliyinin artırılması da mühüm əhəmiyyət daşıyır. Digər vacib istiqamət humanitar təhlükəsizlikdir.

Xaricdə təhlükə ilə üzləşən vətəndaşların xilas edilməsi, hüquqlarının müdafiəsi, reabilitasiyası və cəmiyyətə reinteqrasiyası xüsusi diqqət tələb edən məsələlərdir. Bu sahədə ən mühüm strateji yanaşma insan alverinə qarşı mübarizəni yalnız cinayət baş verdikdən sonra həyata keçirilən hüquq-mühafizə tədbirləri ilə məhdudlaşdırmamaq, vətəndaşın ölkədən çıxışından başlayaraq xaricdə işlədiyi müddət ərzində təhlükəsizliyinin təmin edilməsinə qədər uzanan vahid milli təhlükəsizlik sistemi kimi formalaşdırmaqdır.

Çünki müasir dövrdə dövlətin təhlükəsizliyi yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır. Vətəndaşın xaricdə mümkün istismardan müdafiə olunması da milli təhlükəsizliyin mühüm tərkib hissəsidir.Transmilli insan alveri şəbəkələrinə qarşı mübarizədə Azərbaycanın ciddi təhlükəsizlik prioritetləri mövcuddur.

Düşünürəm ki, Daxili İşlər Nazirliyi bu problemlərin həlli istiqamətində, həm nazir, həm də rəhbər kimi, vaxtilə əlindən gələni edib. Bu gün də məhz onun həyata keçirdiyi mübarizə öz nəticəsini verməkdədir. Transmilli cinayət şəbəkələrinə qarşı mübarizədə cənab nazir daim ön planda olub, hüquq-mühafizə orqanlarının fəaliyyəti çərçivəsində bu istiqamətdə görülən işlər davamlı olaraq qiymətləndirilib. Hazırda da bu proses davam etdirilir.

İnsan alveri ilə mübarizə milli təhlükəsizlik, kibertəhlükəsizlik, iqtisadi təhlükəsizlik, miqrasiya siyasəti və vətəndaşların xaricdə hüquqlarının müdafiəsi ilə birbaşa bağlıdır. Ən ciddi məsələlərdən biri müasir insan alveri şəbəkələrinin insanları ilkin mərhələdə cinayət fəaliyyətinə cəlb etməsi, sonradan isə özlərinin də həmin fəaliyyətin qurbanına çevrilməsidir.

Saxta iş elanları, yüksək əməkhaqqı vədləri, pulsuz yaşayış və nəqliyyat təklifləri bu məqsədlə istifadə olunan əsas vasitələrdəndir. BMT-nin 2026-cı il üzrə açıqlamalarında dələduzluq mərkəzlərində insanların məcburi cinayət fəaliyyətinə cəlb edilməsi məsələsi də diqqətə çatdırılır.

İnsan alveri, kibercinayətkarlıq, maliyyə fırıldaqçılığı və çirkli pulların yuyulması bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 15 iyul 2026-cı il tarixli sərəncamı ilə 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planının təsdiq edilməsi bu məsələyə institusional yanaşma baxımından xüsusi əhəmiyyət daşıyır.

Sənəddə fəaliyyətin əlaqələndirilməsi, qeyd etdiyim kimi, Daxili İşlər Nazirliyinə həvalə olunub. Monitorinq və qiymətləndirmənin müəyyən istiqamətləri isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin üzərinə düşür.

Bu çərçivədə Azərbaycanın təhlükəsizlik strategiyasında bir neçə istiqamətə xüsusi diqqət yetirilməlidir. İlk növbədə, xaricdə işə düzəltmə mexanizmlərinə ciddi nəzarət olunmalı, vasitəçilik edən şəxslər və şirkətlərlə bağlı effektiv inzibati mexanizmlər tətbiq edilməlidir.

Saxta vakansiyaların, yalançı sosial şəbəkə hesablarının və işəgötürənlərin müəyyənləşdirilməsi, vətəndaşlarla bağlanan əmək müqavilələrinin hüquqi statusunun ekspertizası vacibdir. Eyni zamanda, xaricə gedən vətəndaşlar üçün qabaqlayıcı təhlükəsizlik sistemi yaradılmalıdır".

Komitə sədri vurğulayıb ki, tətbiq edilə biləcək mexanizmlərdən biri xaricdə işləmək istəyən vətəndaşların iş təkliflərinin və işəgötürənlərin etibarlılığının yoxlanılması, əmək müqavilələrinin əsas şərtlərinin əvvəlcədən araşdırılmasıdır:

"Bundan əlavə, xaricə işləmək məqsədilə gedən vətəndaşların könüllü qeydiyyat mexanizminin yaradılması da mühüm məsələdir və bu, təklif kimi gündəmə gətirilə bilər. Bir neçə məqamı da xüsusi qeyd etmək istərdim.

Saxta iş elanlarının avtomatik aşkarlanması, cinayət şəbəkələrinə aid olduğu ehtimal edilən şirkətlərin telefon nömrələrinin, internet səhifələrinin və maliyyə əməliyyatlarının əlaqələndirilmiş şəkildə araşdırılması, insan alveri riski yüksək olan marşrutların və işə qəbul sxemlərinin təhlili, sosial şəbəkələrdə şübhəli vakansiyaların monitorinqi, xarici tərəfdaşlarla risklər barədə operativ məlumat mübadiləsi mühüm əhəmiyyət daşıyır.

Beynəlxalq əməkdaşlıq də ən yüksək səviyyədə qurulmalıdır. Müxtəlif yurisdiksiyalardan istifadə edən cinayət şəbəkələrinin fəaliyyətinin araşdırılması, cinayət gəlirlərinin beynəlxalq maliyyə sistemləri vasitəsilə izlənilməsi vacibdir. Çünki bu gəlirlər çox vaxt müxtəlif vasitələrlə gizlədilir. Azərbaycanın bu istiqamətdə İnterpol və Europol ilə əməkdaşlıq imkanları genişdir və daha da inkişaf etdirilir.

İnsan alveri və kiberdələduzluq üzrə ikitərəfli əməliyyat əməkdaşlığı genişləndirilir, xüsusi xidmət orqanları səviyyəsində riskli ölkələrdə fəaliyyət göstərən hüquq-mühafizə qurumları ilə operativ məlumat mübadiləsi həyata keçirilir. Bir sözlə, bu istiqamətdə çox ciddi addımlar atılır və atılmaqdadır.

Qarşıda da mühüm vəzifələr durur. Xaricdəki diplomatik nümayəndəliklərin vətəndaşların müdafiəsi imkanlarının artırılması da labüddür. Çünki insan alverinin qurbanları müraciət edə biləcəkləri qurumları tanımaya, sərbəst hərəkət imkanları məhdudlaşdırıla və ailələri ilə əlaqələri kəsilə bilər.

Buna görə də Azərbaycanın səfirlik və konsulluqlarının fəaliyyətində xüsusi mexanizmlər işlənməli və tətbiq edilməlidir. Bu, çox vacib məsələdir. Gecə-gündüz fəaliyyət göstərən təcili əlaqə xətləri yaradılmalı, zərərçəkənlərə hüquqi, psixoloji və sosial yardım göstərilməlidir.

Bəzən insanlar bu halları gizlədir və ya problem yarandıqdan, ölkəyə qayıtdıqdan sonra məlumat verirlər. Buna görə də vətəndaşların cinayət qurbanına çevrilmədən öncə bu məsələnin gündəmə gətirilməsi vacibdir".

Arzu Nağıyev fikirlərinə əlavə olaraq vurğulayıb ki, Azərbaycan vətəndaşı xaricdə yüksək əməkhaqqı vədləri ilə aldadılaraq işə cəlb oluna, sonradan pasportu əlindən alınaraq təhdid edilə və dələduzluq əməliyyatlarında iştirak etməyə məcbur edilə bilər:

"Belə şəxslər xarici ölkədə saxlanıldıqda, onların yalnız törətdiyi əmələ deyil, həmin əməli hansı şəraitdə törətdiklərinə də diqqət yetirilməlidir. Bir sözlə, insan alveri qurbanları ilə bağlı xüsusi prosedurlar və tədbirlər həyata keçirilməlidir.

Polis, sərhəd xidməti, xüsusi xidmət orqanları, prokurorluq və konsulluq əməkdaşları koordinasiyalı şəkildə fəaliyyət göstərməli, eyni zamanda maarifləndirmə işlərini aparmalıdırlar. Burada qeyri-hökumət təşkilatlarının rolu da mühümdür.

Zərərçəkənlərə ifadə vermək və hüquqlarını müdafiə etmək üçün təhlükəsiz şərait yaradılmalıdır. Reabilitasiya məsələsi mütləq diqqətdə saxlanılmalı, müvafiq proqramlar genişləndirilməlidir.

Fəaliyyət Planının icrasına nəticəyönümlü nəzarət həyata keçirilməli, 2026–2030-cu illər ərzində əldə olunan real nəticələr əsasında qiymətləndirmə aparılmalıdır. Bu məqsədlə aşkarlanan və qarşısı alınan saxta iş təkliflərinin sayı, qanunsuz işə cəlbetmə şəbəkələrinin ifşa olunması, beynəlxalq birgə istintaq və əməliyyatların nəticələri, cinayət şəbəkələrindən müsadirə edilən maliyyə aktivləri kimi göstəricilər əsas götürülə bilər.

Bir daha qeyd edirəm ki, Daxili İşlər Nazirliyinin müvafiq strukturları bu istiqamətdə fəaliyyətini qurub və yüksək səviyyədə iş aparılır. Müvafiq məsələlərlə bağlı onların gördüyü işlərə dair hesabatlar mütəmadi olaraq parlamentdə dinlənilir.

Bu da çox mühüm məsələdir. Çünki insan alveri ən ağır cinayətlərdən biridir. Qurbanların təcrübəsi bir daha göstərir ki, insanların qul və əsir kimi istismar edilməsi, onların əməyindən cinayətkarların varlanması məqsədilə istifadə olunması, eləcə də əldə edilən vəsaitlərin gələcəkdə terror təşkilatlarının maliyyələşdirilməsinə yönəldilməsi mümkündür.

Bu, mübarizə aparılmalı olan son dərəcə ciddi istiqamətlərdən biridir".

Pərvin Şakirqızı

Moderator.az/ Redaktor