Azərbaycanın ən gənc sovxoz direktoru vəfat etdi

Azərbaycanda keçmiş vəzifəli şəxs vəfat edib.

Cəlilabad rayonunda Qılınc Dünyamalı oğlu Məmmədov 88 yaşında dünyasını dəyişib.

1938-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olan Qılınc Məmmədov uzun illər ərzində müxtəlif məsul vəzifələrdə çalışaraq rayonun ictimai-siyasi və təsərrüfat həyatında özünəməxsus iz qoyub.

Onun əmək fəaliyyəti olduqca erkən başlayıb. Qılınc Məmmədov 17 yaşında rayon komsomolunda təlimatçı, 23 yaşında isə rayon partiya komitəsində təlimatçı vəzifəsində çalışıb.

27 yaşında Azərbaycanda ən gənc sovxoz direktorlarından biri təyin olunan Qılınc Məmmədov sonrakı 28 il ərzində sovxoza rəhbərlik edib. Onun rəhbərlik etdiyi Füzuli adına sovxoz Cəlilabad rayonunun Ağdaş kəndində yerləşib.

Mərhumun övladlarından biri Badamdar qəsəbəsinin keçmiş bələdiyyə sədri Təzəxan Məmmədovdur.