Azərbaycan və İtaliya XİN rəhbərləri görüşdü

Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və italiyalı həmkarı Antonio Tayani arasında təkbətək görüş başa çatıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.

Nazirlər Azərbaycan-İtaliya münasibətlərinin geniş gündəliyini, strateji tərəfdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini, eləcə də regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Tərəflər 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədlərinə əsaslanan yüksək səviyyəli siyasi dialoqu vurğulayıblar.

İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilib. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 12 milyard dollara çatdığı, İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qaldığı qeyd olunub.

Tərəflər ticarət, investisiya, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və yüksək texnologiyalar sahələrində əməkdaşlığın inkişafı imkanlarını nəzərdən keçiriblər. Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunun nəticələri də müsbət qiymətləndirilib.

Görüşdə Azərbaycanın İtaliyaya etibarlı enerji təchizatçısı kimi rolu, Cənub Qaz Dəhlizi və Trans-Adriatik Boru Kəmərinin (TAP) strateji əhəmiyyəti, SOCAR-ın İtaliya enerji bazarında genişlənən fəaliyyəti diqqətə çatdırılıb.

Ceyhun Bayramov italiyalı şirkətlər üçün Orta Dəhlizin, nəqliyyat-logistika infrastrukturunun inkişafı, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq layihələrində iştirak imkanlarının olduğunu vurğulayıb. Kritik xammal sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti də qeyd edilib.

Nazirlər regional proseslər, o cümlədən Azərbaycanla Ermənistan arasında normallaşma və Cənubi Qafqazda sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov qarşı tərəfi işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin geri qayıdışı, həmçinin mina təhlükəsinin yaratdığı çətinliklər barədə məlumatlandırıb.

Tərəflər təhsil, mədəniyyət, elm və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıblar. Bu baxımdan İtaliya-Azərbaycan Universitetinin xalqlar arasında əlaqələrin möhkəmləndirilməsindəki rolu qeyd olunub.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

***

Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və italiyalı həmkarı Antonio Tayani arasında təkbətək görüş başlayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.

***

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan italiyalı həmkarı Antonio Tayanini qarşılayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.