Qəzetlərə çap üçün aylıq 5 000 manat, saytlarına isə 3 000 manat dəstək veriləcək

Media və Yayım Şurası ictimai-siyasi qəzetlərin inkişafı və fəaliyyətinin dəstəklənməsi məqsədilə maliyyə yardımı müsabiqəsi elan edib. Müsabiqənin qaliblərinə qəzetlərin həftədə bir nömrəsinin çapı üçün aylıq 5 000 manat, eyniadlı veb-saytlarının fəaliyyəti üçün isə aylıq 3 000 manat vəsait ayrılacaq.

Trend-ə istinadən, bu barədə Media və Yayım Şurasının məlumatında bildirilib.

Müsabiqədə yalnız Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Qəzet son bir il ərzində müntəzəm nəşr olunmalı, həftədə ən azı bir dəfə çap edilməli, birdəfəlik tirajı minimum 1 500 nüsxə, yayımı (abunə və satış) isə ən azı 1 000 nüsxə təşkil etməlidir. Bundan başqa, redaksiyanın yaradıcı heyəti minimum beş nəfərdən ibarət olmalıdır.

İştirak üçün müraciət edən redaksiyalar müsabiqənin elan edildiyi günədək son üç ay ərzində hər ay üzrə iki nömrə olmaqla, ümumilikdə altı qəzet nüsxəsini Şuraya təqdim etməlidirlər. Həmin nəşrlər üç müstəqil ekspert tərəfindən qiymətləndiriləcək.

Qiymətləndirmə zamanı materialların orijinallığı, mövzuların jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu, mətnlərin üslub keyfiyyəti və dil normalarına riayət edilməsi, plagiat və emal edilmədən köçürülmüş informasiyanın olmaması, eləcə də qəzetin tərtibatının müasir standartlara uyğunluğu nəzərə alınacaq.

Qaliblər ən yüksək ekspert balı toplayan iştirakçılar arasından müəyyən ediləcək. Müsabiqənin nəticəsində qalib elan olunan redaksiyalarla altı ay müddətinə maliyyə yardımının göstərilməsinə dair müqavilə bağlanacaq.

Bununla yanaşı, qəzetin fiziki şəxslərdən ibarət əlavə abunələrinin hər 500 nəfərlik artımı üçün aylıq 200 manat bonus nəzərdə tutulub. Natamam 500 nəfərlik hissə hesablamaya daxil edilməyəcək.

Qəzetlə eyniadlı veb-sayta aylıq 3 000 manat dəstək ayrılması üçün həmin saytın redaksiya heyəti azı bir məsul redaktor və iki jurnalistdən ibarət olmalıdır. Bu əməkdaşların hər birinin aylıq əməkhaqqı minimum 600 manat təşkil etməlidir. Vəsaitin qalan hissəsi saytın saxlanılmasına, infrastrukturunun gücləndirilməsinə, dil imkanlarının genişləndirilməsinə, informasiya təhlükəsizliyinə və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.

Əgər qəzet redaksiyası eyniadlı veb-saytını əsaslı şəkildə yeniləməyi planlaşdırırsa, ilk ay üçün saytın inkişafına 5 000 manat, növbəti beş ay ərzində isə aylıq 3 000 manat maliyyə yardımı veriləcək.

Müsabiqədə iştirak üçün müraciət və tələb olunan sənədlər elektron formada "mib.media.gov.az" portalı vasitəsilə təqdim edilməlidir. Müraciətlərin qəbulu noyabrın 30-u saat 18:00-dək davam edəcək.