Ermənistan Prezidentinin və Konstitusiya Məhkəməsinin rəsmi internet saytlarından Müstəqillik Bəyannaməsinə istinadların çıxarılması Azərbaycan-Ermənistan münasibətləri fonunda xüsusi diqqət çəkir.
Bu addımı İrəvanın uzun müddətdir müzakirə olunan işğalçılıq ideologiyasından uzaqlaşmaq niyyətinin göstəricisi kimi qiymətləndirənlər var. Bununla belə, Azərbaycanın əsas tələblərindən biri, ölkəmizə qarşı ərazi iddias və bu fonda Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi hələ də həllini tapmayıb.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan rəsmiləri müstəqillik bəyannaməsi ilə bağlı dəfələrlə bəyanatlar veriblər:
"Ermənistan tərəfinin bu bu addımı indiyə qədər görülən işlərin davamıdır. Çox aydın mesaj verilir ki, artıq işğalçılıq ideologiyası Ermənistan siyasi gündəmindən çıxarılmalıdır. Bu, Azərbaycanın tələbidir. Azərbaycanın tələbinə ardıcıl şəkildə əməl olunur. İşğalçılıq siyasəti yalnız hərbi və iqtisadi sahələrlə məhdudlaşmır. Onun qanunvericilik, ideologiya, təbliğat və digər istiqamətləri də var. Bunların hamısı ardıcıl şəkildə aradan qaldırılmalıdır. Ermənistan Prezidentinin və Konstitusiya Məhkəməsinin rəsmi saytları da bu ideologiyanın təbliği vasitələrindən biridir. Ona görə də həmin resursların işğalçılıq ideologiyasından təmizlənməsi təbii prosesdir".
Tofiq Zülfüqarov qeyd edib ki, Ermənistan konstitusiyasına dəyişiklik edilməsi məsələsində müşahidə olunan ləngimələr də diqqət çəkir:
"Tələbimiz ondan ibarətdir ki, Ermənistan konstitusiyasındakı münaqişəyə istinad aradan qaldırılsın. Lakin görürük ki, Ermənistan bu məsələdə prosesi ləngidir. Əvvəl layihənin ictimaiyyətə təqdim olunacağı bildirildi, sonra bunun seçkilərdən sonraya, daha sonra isə hökumətin formalaşmasından sonraya saxlanılacağı açıqlandı. Hər halda, bu problem hələ də mövcuddur".