Bakı, 21 noyabr, AZƏRTAC Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsi və dövlətimizin başçısının Vyetnama rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyətini, əməkdaşlığın prioritet istiqamətlərini və inkişaf perspektivlərini aydın şəkildə ortaya qoyur. Bu hadisələr Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin, xüsusilə Cənub-Şərqi Asiya regionu ilə əlaqələrin genişləndirilməsinin artan əhəmiyyətini nümayiş etdirir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.Onun sözlərinə görə, Azərbaycan ilə Vyetnam arasında münasibətlər möhkəm dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan zəngin tarixə malikdir: “Ötən onilliklər ərzində formalaşmış siyasi dialoq, humanitar əlaqələr və qarşılıqlı dəstək ənənələri bu gün dövlətlərarası əməkdaşlığın genişləndirilməsi üçün etibarlı zəmin yaradır. Prezident İlham Əliyevin müsahibəsində də xüsusi vurğuladığı kimi, zamanın sınaqlarından çıxmış dostluq əlaqələrin ardıcıl şəkildə inkişaf etdirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsinə imkan verib. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələlər olub. Bu səfərlər siyasi dialoqun intensivləşməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə təkan verib”.Deputat xatırladıb ki, münasibətlərin inkişafında yeni mərhələ isə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri ilə başlayıb.Milli Məclisin deputatı bildirib ki, Prezident İlham Əliyevin noyabrın 19-da Vyetnama rəsmi səfəri də məhz bu strateji xəttin davamı kimi xüsusi əhəmiyyət daşıyır: “Səfər çərçivəsində Vyetnamın Baş naziri Le Minh Hunq və Milli Assambleyanın sədri Çan Tan Man ilə keçirilən görüşlər siyasi dialoqun yüksək səviyyəsini, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin genişliyini və əməkdaşlığın dərinləşdirilməsinə olan ortaq iradəni nümayiş etdirir. Səfərin əsas siyasi məzmunu mövcud dostluq münasibətlərini konkret iqtisadi layihələr, investisiya təşəbbüsləri və uzunmüddətli tərəfdaşlıq mexanizmləri ilə zənginləşdirməkdən ibarətdir”.S.Salmanova vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri müxtəlif regionlarla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulmasıdır: “Ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən dövlət və regional proseslərə təsir imkanlarına malik aktor kimi mövqelərini möhkəmləndirib. Vyetnamla münasibətlərin inkişafı da bu siyasətin məntiqi davamıdır. İkitərəfli əlaqələrlə yanaşı, BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq platformalarda qurulmuş əməkdaşlıq iki ölkənin beynəlxalq məsələlərə dair dialoqunun əhatə dairəsini genişləndirir. İqtisadi-ticari münasibətlərin inkişafı isə tərəfdaşlığın ən perspektivli istiqamətlərindən biridir. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, 2025-ci ilin yekunlarına görə, Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarından artıq olub. Bununla belə, mövcud göstəricilər iki ölkənin iqtisadi potensialını tam əks etdirmir. Hər iki dövlətin malik olduğu imkanlar qarşılıqlı ticarətin əhəmiyyətli dərəcədə artırılmasına, yeni bazarlara çıxışın təmin edilməsinə və biznes dairələri arasında əlaqələrin genişləndirilməsinə şərait yaradır”.Deputat deyib ki, Azərbaycan-Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır. Xalqlar arasında dostluğun möhkəmlənməsində mədəniyyət, təhsil və humanitar təşəbbüslərin xüsusi rolu var. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti diqqətəlayiqdir. Fondun Vyetnamda həyata keçirdiyi layihələr, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, təhsil proqramlarına göstərilən dəstək iki ölkə arasında humanitar münasibətlərin konkret nəticələrlə zənginləşdiyini nümayiş etdirir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də bu istiqamətdə əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisə olub. Bu cür təşəbbüslər Azərbaycanı beynəlxalq humanitar əməkdaşlıqda fəal iştirak edən, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verən dövlət kimi tanıdır.