İmaməddin Xəlilov: "Xəsarətim ciddi olmasaydı, yenidən qızıl medal qazanacaqdım"

Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında bürünc medal qazanan İmaməddin Xəlilovun çempionluğuna əlindəki zədəsi mane olub.

Bunu açıqlamasında idmançı deyib.

O, aldığı xəsarət səbəbindən qızıl medalı əldən verdiyini söyləyib:

"Ardıcıl ikinci dünya çempionatında da nəticə əldə etdiyimə görə çox sevincliyəm. Bundan əvvəlki yarışda qızıl medal qazanmışdım. Bu turnirə əlim zədəli halda qatılmışdım, çünki son görüşdə sınmışdı. İnanıram ki, xəsarətim ciddi olmasaydı, rahatlıqla yenidən qızıl medal qazanacaqdım. Qismət belə imiş".

Parataekvondoçu əsas hədəfini də açıqlayıb:

"Tək və ən böyük məqsədim 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Paralimpiadada qalib gəlməkdir. Ümid edirəm ki, buna nail olacağam".

Qeyd edək ki, Xəlilov yarımfinalda meksikalı Xuan Qarsiyaya məğlub olub.