Bakı, 21 noyabr, AZƏRTAC Otuz ildən artıqdır ki, 4 mindən çox azərbaycanlının taleyi naməlum olaraq qalır və minlərlə ailə öz yaxınlarının aqibəti barədə məlumat gözləyir. Belə bir şəraitdə Ermənistan rəhbərliyinin humanitar əməkdaşlıqdan, qarşılıqlı etimaddan və itkin ailələrinin hüquqlarından danışması, lakin konkret öhdəliklərin icrasından yayınması haqlı suallar doğurur. İrəvanın beynəlxalq ictimaiyyət qarşısında konstruktiv mövqe nümayiş etdirmək cəhdləri ilk növbədə real nəticələrlə təsdiqlənməlidir. Çünki itkin düşmüş şəxslərin taleyi konkret humanitar fəaliyyətin və beynəlxalq hüquqi məsuliyyətin predmetidir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.O bildirib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması prosesində humanitar məsələlərin həllinə xüsusi əhəmiyyət verir. "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh siyasətinin mühüm istiqamətlərindən biri müharibənin ağır humanitar nəticələrinin aradan qaldırılmasıdır. Təsadüfi deyil ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi paraflanıb və sənədin 9-cu maddəsində itkin düşmüş şəxslər və məcburi yoxaçıxma halları üzrə əməkdaşlıq nəzərdə tutulub. Bu müddəa tərəflər arasında məlumat mübadiləsini, insan qalıqlarının axtarılmasını, eyniləşdirilməsini və qaytarılmasını, eləcə də müvafiq araşdırmaların aparılmasını əhatə edir", - deyə o bildirib. Ü.Zülfiqar qeyd edib ki, Ermənistanın mövqeyindəki ziddiyyətlər İrəvan konfransında səsləndirilən bəyanatlar fonunda daha aydın görünür. Baş nazir Nikol Paşinyanın itkin ailələrinin hüquqlarından və Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsindən danışması, xarici işlər naziri Ararat Mirzoyanın isə ölkəsinin axtarış və eyniləşdirmə tədbirlərinə hazır olduğunu bildirməsi müsbət niyyət kimi təqdim olunsa da, bu açıqlamaların praktik nəticələri görünmür. “Halbuki Ermənistan tərəfinin özünün irəli sürdüyü dəfn yerlərinin koordinatlarının təqdim edilməsi, birgə ekshumasiya tədbirlərində iştirak və insan qalıqlarının təhvil alınması kimi təşəbbüslər icrasız qalib. 2025-ci ilin iyununda Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyində baş verən dəyişiklikdən sonra əməkdaşlığın zəifləməsi, 2026-cı ilin martından etibarən isə konkret məsələlər üzrə təmasların faktiki dayanması İrəvanın siyasi iradəsi ilə bağlı suallar yaradır. Belə vəziyyətdə yeni beynəlxalq konfransların təşkili və əlavə əməkdaşlıq formatlarının müzakirəsi əvvəlki razılaşmaların yerinə yetirilməsini əvəz edə bilməz. Ermənistan həqiqətən humanitar dialoqda maraqlıdırsa, ilk növbədə artıq malik olduğunu təsdiqlədiyi məlumatları təqdim etməlidir".Ü.Zülfiqarın fikrincə, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi həm də mümkün müharibə cinayətlərinin araşdırılması və işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması ilə birbaşa bağlıdır. Qarabağda aşkarlanmış 32 kütləvi məzarlıq müharibənin humanitar nəticələrinin miqyasını göstərməklə yanaşı, hərtərəfli məhkəmə-tibbi və hüquqi araşdırmaların aparılmasını zəruri edir. Digər tərəfdən, Ermənistanın təqdim etdiyi mina xəritələrinin qeyri-dəqiqliyi, bəzi ərazilər üzrə məlumatların ümumiyyətlə verilməməsi axtarış və ekshumasiya tədbirlərinə ciddi maneələr yaradır.“Bu baxımdan Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 7-də Bakıda keçirilən IV beynəlxalq konfransın iştirakçılarına müraciətində səsləndirdiyi çağırışların xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının Ermənistanın arxiv sənədlərini və dəfn yerləri barədə məlumatları təqdim etməsinin vacibliyini vurğulaması, eləcə də BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılması təşəbbüsü problemin beynəlxalq səviyyədə daha təsirli şəkildə həllinə yönəlmiş mühüm yanaşmadır".Siyasi şərhçi sonda vurğulayıb ki, Ermənistan sülhə və qarşılıqlı etimada sadiqliyini nümayiş etdirmək istəyirsə, bunu itkin azərbaycanlıların taleyinə aydınlıq gətirəcək məlumatları təqdim etməklə sübut etməlidir.