Həbsxanada üzüm və çörəkdən spirtli içki hazırlayan məhbus dəlixanaya göndərildi

Türkiyənin Bolu şəhərində həbsxanada qadağan olunmuş maddə saxlamaq və istehsal etməkdə ittiham olunan üç məhbus məhkəmə qarşısına çıxarılıb.

Türkiyə mətbuatına istinadən, işə Bolu 5-ci Asliye Cəza Məhkəməsində baxılıb.

Müttəhimlərdən B.M. həbsxanada verilən yeməklərdən üzüm, gavalı, çörək və poğaçanın iç hissələrini fermentasiya edərək spirtli içki hazırladığını etiraf edib. O, həmçinin istifadə edilmiş karton stəkanları kəsərək özünə oyun kartları dəsti düzəltdiyini bildirib.

Spirtli içki aludəçisi olduğunu və bu asılılığın ona zərər verdiyini deyən məhbus məhkəmənin qərarı ilə psixiatriya xəstəxanasına göndərilib.

Onun qan və sidik analizlərində də spirt aşkarlanıb.