Almaniya səfərinə icazə verilmədi, hava limanından qaytarıldı

Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin Almaniyaya səfəri baş tutmayıb.

Bu barədə siyasətçi özünün sosial şəbəkə hesabında məlumat yayıb.

İsa Qəmbər noyabrın 21-də Berlində keçiriləcək mühüm konfransa dəvət olunduğunu, lakin hava limanında uçuşuna maneə yaradıldığını bildirib.

Siyasətçi paylaşımında yazıb:

“Bu gün – 21 noyabrda Berlində önəmli bir konfransa dəvətli idim. Bu gecə saat 4-ə uçaq biletim var idi. Hava alanında uçuşumu əngəllədilər. Heç bir izahat vermədilər”.

İsa Qəmbər konfrans təşkilatçılarına və iştirakçılarına uğurlar arzulayıb.

O, paylaşımına Bakı–İstanbul–Berlin marşrutu üzrə aviabiletlərinin görüntüsünü də əlavə edib.

Hələlik İsa Qəmbərin xaricə səfərinin hansı səbəbdən əngəlləndiyi məlum deyil. Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.