Dünya çempionatında iki cüdoçumuz 1/8 finala yüksəldi

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycanın iki idmançısı 1/8 finala yüksəlib.

Yarışın son fərdi günündə 90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov 1/16 finalda özbəkistanlı İnomjon Baxodirova uduzaraq mübarizəni dayandırıb.

Eyni çəkidə çıxış edən Aslan Kotsoyev isə əvvəlcə Dilşod Naşirova qalib gəlsə də, növbəti görüşdə rusiyalı Ademirkan Tambiyevə məğlub olub.

100 kq-da Canpolad Əliyev ilk görüşündə ukraynalı İvan Harmaşı məğlub edərək 1/16 finala yüksəlib. Lakin bu mərhələdə rusiyalı Vladimir Dosyaka ilə qarşılaşmadan məğlub ayrılıb. Eyni çəkidə mübarizə aparan Davud Namazlı isə qırğızıstanlı Fadil Məhəmməd İsmaqombetova qalib gələrək 1/8 finala vəsiqə qazanıb.

+100 kq çəki dərəcəsində çıxış edən Ramazan Əhmədov da monqolustanlı Temuulen Munxçuluunu ipponla məğlub edərək növbəti mərhələyə yüksəlib.

Beləliklə, Davud Namazlı və Ramazan Əhmədov 1/8 finalda mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, Azərbaycan millisi ilk iki yarış gününü bir bürünc medalla başa vurub. Həmin mükafatı 66 kq çəki dərəcəsində Məhəmməd Musayev qazanıb.