Bahar Muradova AZAL qəzasından sağ çıxan Aydanla təyyarədə qarşılaşdı: "Hədsiz duyğulandım"

«Aydanın həyat yolu cəmiyyətimiz, xüsusilə də gənc qızlarımız üçün əsl mayak, canlı bir örnəkdir».

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sosial şəbəkə hesabında AZAL-ın təyyarə qəzasından sağ çıxan və «Rəşadət» ordeni ilə təltif edilən Aydan Rəhimli barədə paylaşımında bildirib.

Bahar Muradova Bakıdan İstanbula uçan AZAL təyyarəsində Aydan Rəhimli ilə təsadüfən qarşılaşdığını və bu görüşün onda dərin təəssürat yaratdığını qeyd edib.

Komitə sədri ötən il təyyarə qəzasından sonra Aydan Rəhimli və onun anası ilə Dövlət Komitəsində keçirdiyi görüşü xatırladıb:

«Çox sarsılmışdı... Bir xeyli söhbət etdik və nə qədər çətin olsa da, peşəsinə davam edəcəyini, güclü olmağa çalışacağını söylədi».

Bahar Muradova Aydan Rəhimlini yenidən AZAL uniformasında, gülərüz və öz işinin başında görməyin onu duyğulandırdığını vurğulayıb.

«O ağır sınaq zamanı bir-birimizə təsəlli və dayaq olmağa çalışdığımız anlardan, bu gün səmada yenidən qürur və sevinclə sarıldığımız bu anadək keçən zaman Aydan üçün bir iradə və qətiyyət yoludur, deyərdim», – deyə o bildirib.

Komitə sədri Aydan Rəhimlinin Azərbaycanın ilk və yeganə «Rəşadət» ordenli qadını olduğunu xatırladıb. Qeyd edib ki, 2024-cü il dekabrın 25-də AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması zamanı sağ qalan 29 nəfərdən biri olan Aydan Rəhimli çətin şəraitdə cəsarət və yüksək peşəkarlıq nümayiş etdirib.

Bahar Muradova onun yaşadığı ağır hadisəyə baxmayaraq, peşə fəaliyyətini davam etdirməsini iradə, qətiyyət və mənəvi güc nümunəsi kimi qiymətləndirib.

«Həyatın ən ağır fırtınalarından sonra sınmamaq, yenidən qanad açmaq və sevdiyin yola inamla davam etmək böyük mənəvi güc tələb edir», – deyə komitə sədri vurğulayıb.

Bahar Muradova paylaşımını Aydan Rəhimliyə ünvanladığı xoş arzularla tamamlayıb:

«Əziz Aydan, bil ki, bu gün sənin kimi cəsur, iradəli, vətəninə və işinə ürəkdən bağlı gənc qadınların varlığı ilə fəxr edirik! Qoy həmişə yolun açıq, uçuşların təhlükəsiz, səmaların aydın olsun!»

Qalereya