Naxçıvan, 21 noyabr, AZƏRTAC “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında magistral yolların kənarındakı yaşıllıq zolaqlarının genişləndirilməsi, yaşıllıq sahələrində əkin-bərpa işlərinin davam etdirilməsi və ətraf mühitin mühafizəsi məqsədilə genişmiqyaslı ağacəkmə tədbirləri keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlərdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədli, muxtar respublika Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov, Ali Məclis sədrinin müavini Arzu Abdullayev, Naxçıvan Muxtar Respublikasının baş naziri Cabbar Musayev, baş nazirin birinci müavini Elşad Əliyev, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və əməkdaşları iştirak ediblər.Babək, Culfa, Ordubad, Kəngərli, Şahbuz, Şərur və Sədərək rayonlarını əhatə edən aksiya çərçivəsində ümumilikdə 13 min ədəd ting əkilib. Onlardan 3 mini çinar, 10 mini isə müxtəlif növ meyvə tingləridir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingçilik sahələrində yetişdirilən meyvə tingləri muxtar respublikanın torpaq və iqlim şəraitinə uyğunlaşdırılmış növlərdir. Üç min ədəd çinar tingi isə ölkənin müxtəlif bölgələrindən gətirilib.Bu aksiya muxtar respublikada ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin artırılması və biomüxtəlifliyin zənginləşdirilməsi istiqamətində görülən ardıcıl işlərin davamı olmaqla, ətraf mühitin sağlamlaşdırılmasına və ekoloji dayanıqlığın təmin olunmasına xidmət edir. Müxbir - Nail Əsgərov