"Çalışacağıq ki, "Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazaq"

"Sabah" Misli premyer-liqasının 12-ci turunda səfərdə "Sumqayıt"ı məğlub etdi - 5:1.

Baş məşqçi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Böyük hesabın qeydə alınmasında qırmızı vərəqənin rolu oldu?

- Bəli, oyunun həlledici məqamlarından biri qırmızı vərəqə idi. Amma rəqib 11 nəfərlə oynayanda da yaxşı çıxış edirdik. Çox yaxşı qol epizodlarımız oldu. Rəqibə aqressiv şəkildə pressinq edirdik. Buraxdığımız qolda səhvimiz var idi. Rəqib səhvdən yararlandı. "Sumqayıt" 60 dəqiqə 10 nəfərlə oynadığı üçün nəzarət tamamilə bizim tərəfimizdə idi. Beş qol da bunu göstərir.

- Xəyal Əliyevin performansını necə dəyərləndirirsiniz?

- Həqiqətən də, Xəyal bizim üçün çox önəmli oyunçudu. Bəzi həlledici anlarda ona fürsət veririk. O da fürsətdən yararlanmağa çalışmalıdı. Xəyalı meydançada görmək mənim üçün fərəh hissidi.

- Beş gün sonra "Barselona" ilə karyeranızın ən böyük oyununa çıxacaqsınız. Gecələr yata bilirsiz?

- Daha çox çempionat oyunlarından əvvəl belə hallar baş verir. Çempionlar Liqasında bu cür matçlardan həzz almaq lazımdı. Çalışırıq ki, hər oyunda qalib gələk. Azarkeşləri oyuna dəvət edirik. Futbol elə oyundu ki, bəzən inanılmaz hekayələr yazılır. Çalışacağıq ki, çərşənbə günü biz də o hekayələrdən birini yazaq.