FİFA-nın 15 milyard funt sterlinqlik planı Trampın kürəkəninin ofisində müzakirə olunub

FİFA prezidenti Canni İnfantino Dünya Çempionatının kommersiya gəlirlərinin bir hissəsinin satılması ilə bağlı planı ictimaiyyətə açıqlamazdan əvvəl ABŞ prezidenti Donald Trampın ailəsi ilə aylarla davam edən gizli danışıqlar aparıb.

Bu barədə Britaniyanın “The Telegraph” qəzeti əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlar 2025-ci ilin sentyabrında Sürixdə başlayıb. Həmin il noyabrın 4-də İnfantino Trampın kürəkəni Cared Kuşnerin ofisində də görüş keçirib. Sonrakı aylarda FİFA prezidenti Kuşnerin qardaşı Coşua Kuşnerlə, eləcə də ailəyə yaxın şəxslərlə ən azı 10 əlavə görüşdə iştirak edib.

Müzakirələrin əsas mövzusu “FIFA Forward Enterprise” adlandırılan layihə olub. Plana əsasən, FİFA-nın kommersiya və əməliyyat hüquqlarını idarə edəcək ayrıca şirkət yaradılmalı, həmin qurumun 20 faizlik payı təxminən 4,2 milyard dollara investorlara satılmalı idi. FİFA isə şirkətin 80 faizinə sahib qalacaqdı. İnvestorlar qrupuna Coşua Kuşnerlə əlaqəli şirkətin rəhbərlik etməsi nəzərdə tutulurdu.

Layihə Dünya Çempionatının televiziya yayımı, sponsorluq, reklam, bilet satışı, qonaqpərvərlik və lisenziyalaşdırma gəlirlərini də əhatə edirdi. Ümumilikdə, planın 15 milyard funt sterlinq dəyərində olduğu bildirilirdi.

Sənədlərdən görünür ki, danışıqlara “JP Morgan” bankı və “Formula-1”in “Liberty Media” tərəfindən satın alınması prosesində iştirak etmiş Qreq Maffei də cəlb olunub.

Bununla belə, layihə FİFA daxilində şəffaflığın təmin edilməməsi və qurumun bir sıra yüksək vəzifəli şəxslərinin prosesdən vaxtında xəbərdar edilməməsi səbəbindən ciddi tənqidlərə məruz qalıb. Beynəlxalq miqyasda yaranan narazılıqlardan sonra təşəbbüs dayandırılıb.

Qeyd edək ki, Cared Kuşnerin görüşlərdə birbaşa iştirak edib-etmədiyi məlum deyil. Layihədə iştirak edən şəxslər onun təşəbbüsün hazırlanmasında rol almadığını bildiriblər.