Sankt-Peterburqda milyonluq cinayət: Həbib Hüseynov həbs edildi

Sankt-Peterburq məhkəməsi 82 milyon rubldan çox vəsaitin oğurlanmasında şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Oxu.Az-a istinadən, hadisə oktyabrın 26-da Sankt-Peterburqun Vyazovaya küçəsində yerləşən mənzillərdən birində baş verib.

İstintaqın versiyasına görə, Həbib Hüseynov və onun əlbir olduğu şəxs zərərçəkmişi əvvəldən tanıyıblar. Onlar idman zalından tanıdıqları kişini mənzilə gətirərək kriptovalyutasını ələ keçirməyə çalışıblar.

Məlumata görə, hücum edən şəxslər əvvəlcə zərərçəkmişə naməlum həblər içirdiblər. Daha sonra onu bağlayaraq döyüb, kəsici alətlə hədələyib, əl və ayaqlarını isti ütü ilə yandırıblar. Onlar zərərçəkmişdən kriptovalyuta pulqabılarının giriş kodlarını tələb ediblər.

Bundan başqa, zərərçəkmiş borclu olduğuna dair iltizam yazmağa və kamera qarşısında pul borcunun olduğunu söyləməyə məcbur edilib.

Nəticədə şübhəli şəxslər ümumi dəyəri 82,6 milyon rubl olan kriptovalyutanı ələ keçiriblər.

Həbib Hüseynov noyabrın 19-da saxlanılıb. Petroqrad Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçərək 2027-ci il yanvarın 17-dək həbsdə saxlanılmasına qərar verib.

Hadisənin digər iştirakçısının axtarışda olduğu bildirilir.