ABŞ rəsmiləri Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı gizli danışıqlarda iki ssenarini müzakirə edir.
“The Wall Street Journal” qəzeti bu barədə məlumat dərc edib. Nəşrin mənbələrə istinadən yaydığı məlumata görə, Donald Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner Ukraynanın Donbas üzərində nəzarəti Rusiyaya verməsi müqabilində NATO-ya üzvlüyü məsələsini gündəmə gətirib. Mənbələr bu təklifin son aylarda keçirilən qapalı görüşlərdə müzakirə olunduğunu bildiriblər. Donald Tramp açıqlamalarında Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməsə də, Kuşner və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun son görüşlərdə bu məsələyə tez-tez toxunduğu qeyd olunub.
Məlumata görə, bu mövzu ötən həftə Dublində Kuşner və Uitkoffun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə də müzakirə edilib. ABŞ tərəfinin irəli sürdüyü ilk ssenari Donbasın nəzarətinin Rusiyaya verilməsi müqabilində Ukraynanın NATO-ya üzvlüyüdür.
İkinci ssenari isə Donbasın Ukraynanın nəzarətində qalması şərti ilə döyüşlərin dayandırılmasını nəzərdə tutur. Bu variantda Ukraynaya ABŞ və Avropa ölkələri ilə imzalanacaq saziş əsasında Rusiyanın mümkün hücumlarına qarşı təhlükəsizlik zəmanətlərinin verilməsi təklif olunur.