Avropa İttifaqı (Aİ) və Böyük Britaniya daha geniş münasibətlər modelini müzakirə etməyə açıqdırlar, çünki son onilliyin hadisələri beynəlxalq vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib və təhlükəsizlik, müdafiə və iqtisadiyyat sahələrində daha sıx əməkdaşlıq tələb edir.
Aİ Şurasının sədri Antonio Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Böyük Britaniyanın Baş naziri Endi Börnhem Aİ-Böyük Britaniya sammitinin yekunlarına dair mətbuat konfransındakı bəyanatlarında bu fikirlə razılaşıblar.
"Biz daha geniş fikir mübadiləsinə tam açığıq", – fon der Lyayen Britaniya baş nazirinin bu cür geniş müzakirə və fikir mübadiləsi təkliflərinə cavabında bildirib.
Onun sözlərinə görə, son onillikdə dünya COVID-19 pandemiyasını və Rusiya-Ukrayna müharibəsini yaşayıb, bu da beynəlxalq təhlükəsizlik nizamında və Avropanın müdafiəyə yanaşmalarında dərin dəyişikliklərə səbəb olub.
Fon der Lyayen qeyd edib ki, Aİ müdafiə siyasətinə yenidən baxıb, müdafiə üzrə Avropa Komissarı vəzifəsini, müdafiə fondunu yaradıb və Avropanın yenidən silahlanmasına irimiqyaslı sərmayələr yatırmağa başlayıb.
"Əgər sülhü qorumaq istəyirsinizsə, müharibəyə hazır olmalısınız", - Avropa Komissiyasının rəhbəri deyib.
Aİ Şurasının sədri Antonio Koşta isə bildirib ki, pandemiya və Ukraynadakı müharibə Avropa ölkələrinin birgə fəaliyyətinin zəruriliyini nümayiş etdirib.
Böyük Britaniyanın Baş naziri Endi Börnhem bəyan edib ki, Aİ ilə yaxınlaşma istiqamətində mərhələli addımların öz məhdudiyyətləri var və münasibətlərin uzunmüddətli modelini müzakirə etmək lazımdır.
Onun sözlərinə görə, Böyük Britaniya növbəti Britaniya parlamentinin qərarları üçün zəmin hazırlamaq məqsədilə gələn il ərzində avropalı tərəfdaşlarla gələcək əməkdaşlığın mümkün variantları barədə qeyri-rəsmi müzakirələr aparmaq niyyətindədir.
Baş nazir qeyd edib ki, Aİ ilə münasibətlərin möhkəmləndirilməsi Britaniyanın yenidən sənayeləşmə, iqtisadi artım, regional bərabərsizliyin azaldılması və gənclər üçün yeni imkanların yaradılması planları ilə bağlıdır.
Börnhem, həmçinin, "Financial Times" qəzetinin jurnalistinin əldə olunan razılaşmalar çərçivəsində Britaniya ekspertlərinin Avropa qərarlarının müzakirəsində iştirak mexanizmlərinin Londonun real təsir imkanlarının olmadığını gizlədən formal addım olması barədə ehtimalını rədd edib.
"Mən bunu kiçiltməzdim. Bu, həqiqətən də vacib məqamdır - razılaşmaların həyata keçirilməsi ilə bağlı bəzi böyük məsələlər müzakirə olunarkən britaniyalı ekspertlər yenidən müzakirə masasındadırlar", - o bildirib.
Baş nazirin sözlərinə görə, britaniyalı mütəxəssislərin iştirakı tərəflərə ərzaq ixracı, baytarlıq nəzarəti, iqtisadi dayanıqlılıq, Avropa və Britaniya sənayesinin xarici rəqabətdən qorunması məsələlərini birgə həll etməyə imkan verəcək.
O, əldə olunmuş razılaşmaları münasibətlərin bərpası istiqamətində irəliyə doğru atılmış addım adlandırıb və onların Britaniya və Avropa sənayesinə, kənd təsərrüfatına və ticarətinə fayda verəcəyinə əminliyini ifadə edib.