Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində iki il ərzində 36 pillə irəliləyərək 193 ölkə arasında 38-ci yerə yüksəlib. Son dörd ildə isə ölkənin mövqeyi ümumilikdə 45 pillə yaxşılaşıb.
Bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, BMT-nin iki ildən bir açıqladığı “UN E-Government Survey 2026” hesabatının nəticələri maraqla gözlənilsə də, Azərbaycanın reytinqdə bu qədər sürətlə irəliləyəcəyi gözlənilməz olub.
O.Gündüz xatırladıb ki, 2024-cü ildə Azərbaycan indeksdə 9 pillə irəliləyərək 74-cü yerə yüksələndə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səylərini qənaətbəxş qiymətləndirsə də, əldə olunan nəticənin ölkənin potensialına uyğun olmadığını qeyd edib.
Ekspertin sözlərinə görə, Azərbaycanın indeksdəki mövqeyi illər üzrə belə dəyişib: 2020-ci ildə 70-ci, 2022-ci ildə 83-cü, 2024-cü ildə 74-cü, 2026-cı ildə isə 38-ci yer. Beləliklə, son dörd ildə 45 pilləlik irəliləyiş qeydə alınıb.
O qeyd edib ki, BMT-nin qiymətləndirməsi yalnız elektron xidmətlərin səviyyəsini əhatə etmir, telekommunikasiya infrastrukturu və insan kapitalı da indeksin əsas komponentləri sırasındadır.
“2024–2026-cı illərdə ümumi indeks (EGDI) 16,3 faiz, onlayn xidmətlər (OSI) 28,6 faiz, telekommunikasiya infrastrukturu 9,4 faiz, insan kapitalı isə 11,5 faiz artıb”, – O.Gündüz vurğulayıb.
Onun sözlərinə görə, BMT hesabatında Azərbaycanın rəqəmsal inkişafına ayrıca diqqət yetirilib. Ölkənin irəliləyişinə təsir göstərən əsas istiqamətlər sırasında “myGov” platforması, rəqəmsal şəxsiyyət və sənədlər, məlumat mübadiləsi, dövlət sistemlərinin inteqrasiyası, Hökumət buludu və rəqəmsal idarəetmənin koordinasiyası göstərilib.
O.Gündüz region ölkələrinin indeksdəki mövqelərinə də diqqət çəkib. Belə ki, Qazaxıstan 16-cı, Özbəkistan 32-ci, Azərbaycan 38-ci, Rusiya 50-ci, Ermənistan 55-ci, Gürcüstan 58-ci, Qırğızıstan 83-cü, Belarus isə 84-cü yerdə qərarlaşıb.
“Göründüyü kimi, Azərbaycan Rusiya, Ermənistan və Gürcüstanı geridə qoyub. Qazaxıstan və Özbəkistan isə hələ öndədir”, – o bildirib.
Ekspert rəqəmsal inkişaf sahəsində əldə olunan irəliləyişlərə baxmayaraq, müəyyən problemlərin hələ də qaldığını qeyd edib. Onun sözlərinə görə, 2024-cü ildə insan kapitalı və elektron iştirakçılıq zəif istiqamətlər kimi qiymətləndirilsə də, hazırda hər iki sahədə müsbət dəyişiklik müşahidə olunur.
Bununla belə, O.Gündüz vətəndaşların qərarların qəbulunda iştirakının, elektron məsləhətləşmələrin, açıq məlumatların və ictimai nəzarət imkanlarının inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
“36 pilləlik yüksəliş ciddi, daha doğrusu, çox ciddi uğurdur. RİNN, İRİA və digər qurumların, koordinasiya qurumunun rəqəmsallaşma səyləri çox təqdirəlayiqdir”, – o yazıb.
O.Gündüz hesab edir ki, ötən il və cari ilin əvvəlində Prezident İlham Əliyevin müəyyən etdiyi yeni rəqəmsal arxitektura, Rəqəmsal İnkişaf Şurasının yaradılması və İKT sektorunda koordinasiyanın gücləndirilməsi də ölkədə rəqəmsal transformasiya proseslərinə əlavə dinamika qazandırıb.