Dünyanın ən çox gözlənilən videooyunlarından biri olan Grand Theft Auto VI (GTA 6) satışa çıxarıldığı ilk gündə tarixi rekorda imza atıb.
Xarici mətbuata istinadən, oyunun cəmi 24 saat ərzində əldə etdiyi gəlir və satış göstəriciləri əyləncə sənayesində yeni rekord kimi qiymətləndirilir.
Analitik şirkət Sensor Tower-in ilkin qiymətləndirməsinə əsasən, GTA 6-nın satışları ilk gündə 24,58 milyon nüsxəyə, əldə etdiyi gəlir isə təxminən 2,36 milyard dollara çatıb.
Məlumata görə, satışların təxminən 75 faizi PlayStation platformasının payına düşüb. Oyunun noyabrın 19-da rəsmi təqdimatından əvvəl rəqəmsal ön sifarişlərdən əldə olunan gəlirin də 1,5 milyard dolları keçib.
Bununla belə, “Rockstar Games” və onun əsas şirkəti “Take-Two Interactive” satışların dəqiq rəqəmlərini hələlik rəsmən açıqlamayıb. Buna görə də “Sensor Tower”-in göstərdiyi rəqəmlər analitik qiymətləndirmə kimi qəbul edilməlidir.
Qeyd edək ki, GTA 6-nın təqdimatı 13 illik gözləntiyə son qoyub. Seriyanın əvvəlki oyunu GTA V 2013-cü ildə satışa çıxarılmış və indiyədək təxminən 235 milyon nüsxə satılıb. “Take-Two”nun məlumatına görə, GTA V də satışa çıxdığı ilk 24 saatda 800 milyon dollardan çox pərakəndə satış gəliri əldə edib.
Rockstar Games-in təsisçisi və prezidenti Sem Hauser təqdimat mərasimində bildirib ki, GTA 6 şirkətin oyun yaratmağa başladığı gündən bəri üzərində çalışdığı bütün ideyaları özündə birləşdirir.
Xatırladaq ki, GTA 6 PlayStation 5 və Xbox Series X|S platformaları üçün satışa çıxarılıb. Oyunun ilk gündəki nəticələri ilə bağlı rəsmi rəqəmlərin açıqlanması isə böyük maraqla gözlənilir.