Deputat: “Ermənistanda konstitusiya islahatları Azərbaycanın yaratdığı reallıqların nəticəsidir”

“Bakının öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, həmçinin sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasını prinsipial şərt kimi irəli sürməsi İrəvanı manevr imkanlarından məhrum edib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat, Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan və Ermənistan arasındakı münaqişəyə məhz onların səbəb olduğunu etiraf etməsini müsbət qarşılayıb:

“Ermənistanın baş naziri Nikol Paşinyanın yeni konstitusiyanın qəbulu prosesinin yaxın vaxtlarda praktiki icra mərhələsinə keçəcəyi ilə bağlı açıqlaması Cənubi Qafqazda formalaşmış yeni geosiyasi mənzərənin İrəvanın daxili siyasi və hüquqi gündəminə birbaşa təsirinin növbəti təzahürü kimi qiymətləndirilə bilər. Baş nazirin parlamentdəki çıxışı göstərir ki, Ermənistan rəhbərliyi onilliklər boyu dövlət ideologiyasının əsasını təşkil edən və 1990-cı il 23 avqust tarixli Müstəqillik Bəyannaməsində əksini tapan ərazi iddialarından imtina etməyi artıq qaçılmaz zərurət kimi təqdim edir. Onun “Hayastan” fraksiyasına və “Daşnaksütyun” partiyasına ünvanladığı suallar, eləcə də “Böyük Ermənistan” və Qarabağla birləşmə xülyasının ölkəni daimi münaqişə məntiqinə sürüklədiyini etiraf etməsi İrəvanın əvvəlki siyasi kursunun iflasa uğradığının rəsmi səviyyədə qəbuludur.

Bu prosesin kökündə məhz Azərbaycanın yaratdığı yeni reallıqlar və Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində regionda formalaşmış yeni status-kvo dayanır”.

Deputat qeyd edib ki, Ermənistanın mənfur işğal siyasətinin qarşısının alınması məhz Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qətiyyətli addımı və uzaqgörənliyi dayanır:

“Bakının öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, həmçinin sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasını prinsipial şərt kimi irəli sürməsi İrəvanı manevr imkanlarından məhrum edib. Paşinyanın “Qərbi Ermənistan” iddiasının qarşılığı kimi Şərqi Türkiyə və Qərbi Azərbaycan məsələlərinin gündəmə gəldiyini xatırlatması və Qarabağ ermənilərinin “geri qayıtmaq hüququ” ətrafındakı spekulyasiyaların yeni münaqişəyə yol açacağını bildirməsi göstərir ki, Ermənistan hakimiyyəti revanşist ritorikanın ölkə üçün yarada biləcəyi təhlükələri artıq aydın dərk edir. Göründüyü kimi, mövcud regional güc balansı və Azərbaycanın diktə etdiyi sülh gündəliyi qarşısında Ermənistanın köhnə ideoloji çərçivələrlə davam etmək şansı qalmayıb. Rəsmi İrəvanın “legitimlik prinsipi” adlandırdığı yeni yanaşma əslində Azərbaycanın yaratdığı tarixi və hüquqi reallıqlarla barışmaq məcburiyyətindən irəli gəlir. Bu mənada, konstitusiya islahatlarının praktiki müstəviyə keçirilməsi Ermənistan üçün nəinki regional təcriddən çıxış yolu, həm də yeni status-kvo şəraitində dövlətçiliyini qoruyub saxlamaq üçün yeganə alternativsiz seçim kimi meydana çıxır”.

Qeyd edək ki, Paşinyan Milli Məclisin iclasında münaqişəyə Ermənistanın ərazi iddiasının səbəb olduğunu etiraf edib