Rusiya və Ukrayna arasında qarşılıqlı zərbələr, Xarkovda 23 yaralı var

Rusiyanın hücumları nəticəsində Xarkov vilayətində 23 nəfər yaralanıb, eyni zamanda Kurskda Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Zərbələr barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov teleqramda, Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn isə "Maks" sosial şəbəkəsində məlumat verib.

Məlumata görə, ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin 8 yaşayış məntəqəsinə zərbələr endirib, nəticədə 23 nəfər xəsarət alıb.

A.Xinşteynin sözlərinə görə, Ukrayna pilotsuz uçuş aparatlarının Kurska hücumu nəticəsində şəhərin mərkəzindəki binalardan birində tüstülənmə baş verib. Xəsarət alanlar və ya dağıntılar barədə hələ ki məlumat yoxdur.

O qeyd edib ki, son sutka ərzində region üzərində 123 Ukrayna PUA-sı vurulub. Bir neçə PUA-nın qalıqları evlərin üzərinə düşüb. Xəsarət alan yoxdur.