Bakıda avtobuslar üçün ilk xüsusi svetofor quraşdırılacaq

Bakıda ilk dəfə avtobusların hərəkətini tənzimləyən ayrıca svetofor quraşdırılacaq.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.

Onun sözlərinə görə, ilkin mərhələdə svetoforun Səbail rayonunda, Üzeyir Hacıbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsindəki “L” tipli dirəkdə quraşdırılması planlaşdırılır.

Layihəyə əsasən, burada “T” formalı, ağ-sarımtıl rəngdə dörd dairəvi siqnalı olan xüsusi svetofor yerləşdiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təklifi əsasında həyata keçiriləcək layihənin məqsədi avtobusların xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

İlkin tətbiqin nəticələri qiymətləndirildikdən sonra belə svetoforların Bakının digər ərazilərində də quraşdırılması nəzərdən keçiriləcək.