Rusiya, Çin və İran nüvə obyektlərində MAQATE-nin yoxlamalarının əvvəlki qaydada bərpa olunması üçün Tehrana qarşı gələcəkdə hərbi hücumların həyata keçirilməyəcəyinə dair zəmanət verilməsini zəruri şərt hesab edir.
Bu barədə üç ölkənin MAQATE-nin Rəhbərlər Şurasının sessiyasında Rusiya nümayəndə heyəti tərəfindən səsləndirilən birgə bəyanatında bildirilib.
Bəyanatda qeyd olunur ki, hərbi əməliyyatlar tam dayandırılmadan, yeni hücum təhlükələri aradan qaldırılmadan və belə hücumların təkrarlanmayacağına dair etibarlı zəmanətlər verilmədən İranda yoxlamaların əvvəlki qaydada bərpası mümkün deyil.
Üç ölkənin mövqeyinə görə, MAQATE-nin yoxlamaların dərhal və qeyd-şərtsiz bərpasını tələb etməsi, mövcud hərbi təhdidləri və obyektiv maneələri nəzərə almaması agentliyin İrandakı fəaliyyətinin tam bərpasına kömək etmir.
Bəyanatda vurğulanır ki, MAQATE-nin təminatları altında olan İranın nüvə obyektlərinə hərbi hücumlar və yeni zərbələr endirilməsi ilə bağlı davam edən təhdidlər ölkədə yoxlamaların normal qaydada aparılmasını xeyli çətinləşdirib.
Moskva, Pekin və Tehran mövcud fikir ayrılıqlarının həlli üçün qarşılıqlı hörmətə əsaslanan dialoq və diplomatiyanı yeganə real və işlək yol hesab etdiklərini bildiriblər.