ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin İrana qarşı hərbi əməliyyatlarla bağlı mövqeyindən getdikcə daha çox narazılıq edir.
"Report"un "The New York Times" (NYT) qəzetinə istinadən xəbərin görə, prezidentlə vitse-prezident arasındakı fikir ayrılıqları konqresə aralıq seçkilərindən sonra, Vensin İranla münaqişəni Respublikaçılar Partiyasının məğlubiyyət səbəblərindən biri adlandırması ilə daha da kəskinləşib.
Nəşrin məlumatına görə, Tramp əvvəlcə bu açıqlamalara ictimaiyyət qarşısında xüsusi sakitliklə reaksiya verib, lakin son iki həftə ərzində o, köməkçilərinə təkcə Vensin ifadələrindən deyil, həm də vitse-prezidentin dövlət başçısının İrana qarşı hərbi əməliyyatlara başlamaq qərarını açıq şəkildə dəstəkləməməsindən getdikcə daha çox narazılıq ifadə edib.
Eyni zamanda, Tramp ABŞ Dövlət katibi Marko Rubionun işini yüksək qiymətləndirir və şəxsi söhbətlərində onun ölkə prezidenti postuna güclü namizəd ola biləcəyini qeyd edir.
NYT qeyd edib ki, Trampla münasibətlərdə artan gərginlik Vensin 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyinin irəli sürülməsini çətinləşdirə bilər.
Bununla yanaşı, nəşrin vitse-prezidentə yaxın mənbələrinin məlumatına görə, Vens seçki yarışında iştirak etmək barədə hələ yekun qərar qəbul etməyib.