ABŞ-də neft hasilatı rekord həddə çatıb

ABŞ-də neft hasilatı noyabrın 13-də əvvəlki həftə ilə müqayisədə gündəlik 19 min barel artaraq 14,032 milyon barelə yüksəlib və rekord səviyyəyə çatıb.

Bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatlarında bildirilib.

Məlumata görə, bir il əvvəl ölkədə gündəlik neft hasilatı 13,834 milyon barel təşkil edib. Son dörd həftə ərzində isə orta gündəlik hasilat 14,01 milyon barel olub.

Qeyd edək ki, noyabrın 10-da ABŞ Energetika Nazirliyi cari il üzrə neft hasilatı proqnozunu əvvəlki 13,87 milyon barel səviyyəsindən gündəlik 10 min barel artırıb.

Nazirliyin proqnozlarına əsasən, 2027-ci ildə ABŞ-də gündəlik neft hasilatının 14,3 milyon barel təşkil edəcəyi gözlənilir. Bu göstərici əvvəlki proqnozla müqayisədə dəyişməyib.