Generalın qızı ilə bağlı məhkəmədən yeni qərar

Külli miqdarda dələduzluqda ittiham edilən, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva ilə bağlı məhkəmə yeni qərar qəbul edib.

APA-ya istinadən, Sumqayıt Apellyasiya Məhkəməsində prokurorluğun protestinə baxılıb.

Məhkəmə prokurorluğun Türkər Əliyevanın həbs edilməsi ilə bağlı tələbini təmin etməyib. Beləliklə, onun barəsində əvvəl seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsi Türkər Əliyevanın himayəsində dörd yetkinlik yaşına çatmayan övladının olmasını, onları təkbaşına böyütməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq 4 aylıq ev dustaqlığı qərarı çıxarmışdı.

Prokurorluq isə həmin qərarla razılaşmayaraq təqsirləndirilən şəxsin həbsə alınması üçün apellyasiya protesti vermişdi.

Mediator kimi fəaliyyət göstərmiş Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə yardım göstərmək adı altında külli miqdarda pul almaqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 32.4 və 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

Məlumata görə, Türkər Əliyeva Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini, ehtiyatda olan general-mayor Ceyhun Rzayevin şikayəti əsasında aparılan araşdırma çərçivəsində saxlanılıb.

Hazırkı məhkəmə qərarı yalnız qətimkan tədbiri ilə bağlıdır və cinayət işi üzrə yekun hökm hesab edilmir.