"Dünya bazarında qızılın qiymətində müşahidə olunan kəskin eniş müvəqqəti xarakter daşıya bilər. Qiymət dəyişiklikləri əsasən ABŞ dollarının möhkəmlənməsi, Federal Ehtiyat Sisteminin faiz siyasəti və investorların maliyyə bazarlarındakı davranışı ilə əlaqədardır".
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, qızıl qeyri-müəyyənlik dövrlərində investorların üstünlük verdiyi ənənəvi təhlükəsiz aktivlərdən biri olsa da, onun əsas funksiyası daha çox kapitalın dəyərini qorumaqdır:
"Hazırda dünya bazarında qızılın qiymətində ciddi korreksiya müşahidə olunur. Belə ki, qiymət bir müddət əvvəl 5 000 dolları ötdüyü halda, hazırda qızılın bir unsiyası təxminən 3 796 dollar səviyyəsindədir.
Ucuzlaşmanın əsas səbəblərindən biri ABŞ dollarının möhkəmlənməsi və Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yenidən artıracağı ilə bağlı gözləntilərdir. İnvestorlar daha yüksək gəlir vəd edən maliyyə alətlərinə üstünlük verdikcə qızıla tələbat azalır. Bu isə birjalarda satış təzyiqini artıraraq qiymətlərin aşağı düşməsinə səbəb olur".
Azərbaycanda qızılın qiyməti ucuzlaşacaqmı?
AQC sədri hesab edir ki, dünya bazarında baş verən ucuzlaşma müəyyən müddətdən sonra Azərbaycan bazarına da təsir göstərə bilər. Lakin bu təsir dərhal və eyni həcmdə hiss olunmayacaq:
"Azərbaycanda zinət əşyalarının satış qiyməti yalnız dünya bazarında xalis qızılın dəyəri əsasında formalaşmır. Burada məhsulun əyarı, hazırlanma və ustalıq xərcləri, idxal və logistika məsrəfləri, eləcə də satıcıların ticarət əlavəsi nəzərə alınır. Bundan başqa, mağazaların əvvəlki dövrlərdə daha yüksək qiymətlərlə aldığı məhsul ehtiyatları da satış qiymətlərinin dəyişməsinə təsir edir.
Dünya bazarında ucuzlaşma davamlı xarakter alarsa, Azərbaycanda da qızılın satış qiymətində təxminən 10-15 faiz azalma baş verə bilər. Bununla belə, beynəlxalq bazardakı qiymət enişinin yerli mağazalarda dərhal və tam şəkildə əks olunacağını gözləmək düzgün deyil".
Qızılı investisiya məqsədilə almaq nə dərəcədə sərfəlidir?
İqtisadçı qızıla yatırım etməyi düşünən vətəndaşlara ehtiyatlı davranmağı tövsiyə edib. O bildirib ki, qızıl daha çox mövcud kapitalın və yığımların dəyərini qorumaq vasitəsi kimi qiymətləndirilməlidir. Qısamüddətli qiymət dəyişiklikləri isə bu aktivdən gəlir əldə etməyə çalışan şəxslər üçün risklər yarada bilər.
Bu baxımdan, qızıl alarkən yalnız qiymətin əvvəlki dövrlərdə artmasına əsaslanmaq və gələcəkdə də eyni tendensiyanın davam edəcəyini düşünmək doğru yanaşma deyil.