Azərbaycanda kənd təsərrüfatında yeni vergi rejiminin tətbiqi fermerlərdən büdcəyə əlavə gəlir əldə etməkdən daha çox vergi uçotunun qurulmasına, dövlət dəstəyinin səmərəliliyinin artırılmasına və aqrar siyasətin daha düzgün planlaşdırılmasına xidmət edir.
Trend-ə istinadən, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı deputatların xüsusi həssaslıq göstərdiyi məsələlərdən biri kənd təsərrüfatında vergilərin tətbiqi və vergi siyasətidir. Bunun təbii olduğunu deyən komitə sədri qeyd edib ki, parlament üzvlərinin bir çoxu aqrar rayonları təmsil edir və məsələ komitənin iclasında da xüsusi diqqətlə yanaşılan, geniş müzakirə olunan mövzulardan biri olub.
A.Əmiraslanovun sözlərinə görə, məsələyə həssas yanaşılmasının səbəblərindən biri də uzun illər ərzində dövlətin kənd təsərrüfatına dəstəyi ilə bağlı səsləndirilən əsas tezislərdən birinin fermerlərin torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilməsi olub.
Deputat vurğulayıb ki, bu dəyişikliklərlə əlaqədar ilk növbədə dövlətin kənd təsərrüfatına, fermerə, kəndliyə və kəndli əməyinə münasibətinin dəyişib-dəyişmədiyi sualına aydınlıq gətirilməlidir.
"Dövlət kənd təsərrüfatına münasibətini qətiyyən dəyişmir. Dövlət bu gün də kənd təsərrüfatına genişmiqyaslı dəstək proqramlarını həyata keçirir. Bu dəstəyin ümumi məbləğinə nəzər yetirsək, birbaşa və dolayı dəstək istiqamətləri ilə birlikdə bu, 1,5 milyard manata yaxın vəsait təşkil edir", - o bildirib.
Komitə sədri qeyd edib ki, məsələnin həssaslığı və kənd təsərrüfatında vergi daxilolmaları üzrə gözləntinin cəmi 13 milyon manat olacağı nəzərə alınaraq, dövlətin fermerə və kənd təsərrüfatı istehsalçısına potensial vergi ödəyicisi kimi baxmadığı xüsusi vurğulanmalıdır.
Onun sözlərinə görə, müzakirələr zamanı aidiyyəti qurumlara bu məsələlərin ictimaiyyətə, xüsusilə aqrar ictimaiyyətə və kənd əhalisinə ciddi şəkildə izah edilməsi, maarifləndirmə işlərinin aparılması tövsiyə olunub. Məqsəd dövlətin aqrar sahədə siyasəti ilə bağlı yanlış təsəvvürlərin yaranmasının qarşısını almaqdır.
"Bu gün də dövlət fermerin yanındadır, kənd təsərrüfatı istehsalçılarının yanındadır. Qeyd etdiyimiz kimi, dövlət kənd təsərrüfatına bütün istiqamətlər üzrə dəstək göstərir", - deputat bildirib.
A.Əmiraslanov diqqətə çatdırıb ki, 1,5 milyard manatlıq ümumi dəstəklə yanaşı, kənd təsərrüfatı istehsalçılarına suvarma suyu maya dəyərindən təxminən 30 dəfə aşağı tariflə satılır. Onun sözlərinə görə, yalnız suvarma suyuna görə dövlət tərəfindən təxminən 300 milyon manata yaxın dəstək ayrılır.
O, kənd təsərrüfatı üzrə vergi güzəştlərinin məbləğinin də 580 milyon manat təşkil etdiyini və hazırda bu məbləğin qüvvədə qaldığını bildirib.
"Belə olan halda, dövlət 580 milyon manat vergi güzəşti tətbiq edirsə, fermerlərdən 12-13 milyon manat həcmində vergi daxilolması gözləntisinin olması heç də büdcə daxilolmalarının fermerlər hesabına təmin edilməsi demək deyil. Bu gözlənilən məbləğ bütövlükdə kənd təsərrüfatı üzrə vergi güzəştlərinin cəmi 2 faizini təşkil edir", - komitə sədri vurğulayıb.
Deputat yeni vergi rejiminin tətbiqinin səbəblərinə də aydınlıq gətirib. O bildirib ki, əsas məsələlərdən biri kənd təsərrüfatında vergi sisteminin uçotla əlaqələndirilməsidir.
A.Əmiraslanov qeyd edib ki, indiyədək kənd təsərrüfatında elektron sistem tətbiq olunub, bunun üçün maliyyə vəsaitləri ayrılıb və inzibati resurslar səfərbər edilib. Onun fikrincə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə indiyədək uçot sistemi də qurulmalı idi.
"Bu, həm də dövlət dəstəyinin qiymətləndirilməsi üçün olduqca vacibdir. Kənd təsərrüfatında vergi məsələlərinin uçotla əlaqələndirilməsi dövlətə hər bir kəndliyə, fermerə və kənd təsərrüfatı istehsalçısına göstərdiyi dəstəyi qiymətləndirmək imkanı verəcək", - o deyib.
Komitə sədrinin sözlərinə görə, bu yanaşma dövlət dəstəyinin daha səmərəli təşkilinə və aqrar siyasətin effektiv həyata keçirilməsinə şərait yaradacaq.
O əlavə edib ki, digər mühüm məsələ dövlət tərəfindən ərzaq balansının daha real əsaslarla hazırlanmasıdır. Bunun üçün əsas şərtlərdən biri ölkənin ərzaq məhsulları ilə özünütəminetmə göstəricilərinin dəqiq hesablanmasıdır.
A.Əmiraslanov hesab edir ki, vergi məsələlərinin uçotla əlaqələndirilməsi bir tərəfdən dövlət dəstəyinin daha səmərəli təşkilinə, digər tərəfdən isə vergi inzibatçılığının təkmilləşdirilməsinə imkan verəcək. Eyni zamanda, bu proses kənd təsərrüfatında yeni mərhələnin başlanğıcı olacaq.
"Bu məsələlərlə bağlı hər hansı qeyri-real təəssüratlar yaratmayaq, mövcud vəziyyəti olduğu kimi təqdim edək. Dövlət bu gün də kənd təsərrüfatına münasibətdə özünün genişmiqyaslı dəstək proqramını həyata keçirməkdə davam edir", - deputat fikirlərini yekunlaşdırıb.