Bakı, 17 noyabr, AZƏRTAC Dövlət rüsumlarının tətbiqi ilə bağlı qanunvericilikdə mövcud olan pərakəndəliyin aradan qaldırılması, hüquqi normaların vahid yanaşma əsasında tənzimlənməsi və hüquq tətbiqi praktikasında yaranan çətinliklərin aradan qaldırılması məqsədilə on doqquz sənədə dəyişiklik təklif edilir. AZƏRTAC xəbər verir ki, Mülki Prosessual Məcəllədə, Miqrasiya Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) parlamentin bugünkü iclasının gündəliyinə daxil edilib. Bildirilib ki, bu məqsədlə dövlət rüsumundan azadolma və güzəştlərlə bağlı müddəaların vahid qanunda cəmləşdirilməsi, digər normativ hüquqi aktlarda təkrarlanan və ya fərqli yanaşmalara səbəb olan normaların uyğunlaşdırılması təklif edilir. Eyni zamanda, artıq və ya düzgün tutulmamış dövlət rüsumlarının elektron informasiya sistemi vasitəsilə geri qaytarılması mexanizminin qanunvericiliklə tənzimlənməsi, habelə baytarlıq sahəsində göstərilən xidmətlər üzrə dövlət rüsumlarının tətbiqinə yenidən baxılması nəzərdə tutulur. Dəyişikliklər dövlət rüsumlarının tənzimlənməsində şəffaflığın və səmərəliliyin artırılmasına, inzibati prosedurların sadələşdirilməsinə və sahibkarlıq subyektlərinin maliyyə yükünün optimallaşdırılmasına xidmət edəcək. Fotoqraf - Aydın Məmmədov