“Çəkilişlərdən sonra mən Petya rolunu oynayan Kolyanı görməmişəm. Bir neçə dəfə biz dostlarla yığımışıq, filmin 50, 60 illiyini qeyd etmişik. Amma Kolyadan heç bir xəbər olmayıb. Bilirsiniz ki, filmdən sonra təqdimatlar olurdu. O vaxt kino təqdimatları bir neçə dəfə olurdu. Demək olar ki, Bakıda bütün kinoteatrlarda təqdimatlar baş tutmuşdu. O təqdimatların heç birində Kolyanı görmədim. Filmin prodüserləri də onu axtarıb tapa bilməmişdilər. Son məlumat onun avtobus sürücüsü olmağı ilə bağlıdır. Deyirdilər ki, Bakıda o vaxt avtobus sürürdü. Biz də bir neçə dəfə axtardıq, amma tapmadıq. Bakılı idilər, o vaxt “Sovetski” də yaşayırdılar. Onu tapmaq əlbəttə ki, bizim üçün maraqlı olar. Mən onu 63 ildir görmürəm”
Bunu açıqlamasında Əməkdar Mədəniyyət İşçisi, “Sehirli xalat” filminin Eldarı Yusif Şeyxov bildirib. O daha sonra filmin rejissoru Əlisəttar Atakişiyevdən danışıb:
“Məni kinoya Əlisəttar Atakişiyev gətirmişdi. O zamanı qabaqlayan rejissor idi. Fantasikanı kinomuza məhz o gətirib. Mənim həyatımı, taleyimi müəyyən edən bir neçə adam olub ki, onlardan biri də məhz Əlisəttar müəllim idi. Onun filmlərinə yazılan musiqilər çox görkəmli bəstəkarlar tərəfindən bəstələnib. Arif Məlikov, Xəyyam Mirzəzadə, Polad Bülbüloğlu kimi bəstəkarların kinoda debütü Əlisəttar müəllimin sayəsində olub. Əlisəttar müəllimin lentə aldığı “İstintaq davam edir” filmində görün bizim neçə-neçə aktyorlarımız kinoda ilk rollarını oynayıblar?! Fuad Poladov, Hamlet Xanızadə, Həsən Turabov və s. sənətkarlar kinoya məhz onun vasitəsilə gəliblər. Bəxtiyar Xanızadə də “Qərib cinlər diyarında” filmində ilk rolunu debüt edib” deyə Yusif Şeyxov bildirib.