“5 kvadratlıq yerdə otururam, əşyaları üst-üstə yığıram; sənətimi şagirdə necə öyrədim?”-ETİRAZ

“Saatsaz işləmək üçün gənclərdə həvəs var. Mənim özümə də bu peşəni öyrənmək üçün müraciət edənlər çoxdur. Harada öyrədim?! 5 kvadratlıq yerdə otururam, ikinci adamı bura necə sıxışdırım?! Əşyaları üst-üstə yığıram. Oturmağa belə yerim yoxdur. Yer versələr, məktəb açsalar, məni də ora müəllim kimi dəvət etsələr əlbəttə ki, öyrətmək istəyərəm”

Bunu açıqlamasında tanınmış saatsaz Hacı Fətəliyev deyib. O daha sonra əlavə edib:

“Xarici ölkələrdən səfirlər gəlib saatlarını Bakıda mənə düzətdirirlər. Deyirlər ki, “neçə ölkə gəzmişik, saatımızı düzətdirə bilməmişik”. Onlar mənə dəyər verirlər. Adlarını çəkmək istəmirəm, böyük adamlar mənə deyir ki, “Hacı, səsin-sorağın filan yerdən gəlir, hamı səni tərifləyir”. Mən həddindən artıq sənətimi sevən insanam. Axşam yatanda da fikirləşirəm ki, filan saatı necə düzəldim, filan saatı necə edim?!” - deyə saatsaz bildirib.

Hacı Fətəliyev bildirib ki, bütün saatları düzəldib:

“İndiyə qədər elə saat olmayıb ki, onu mən düzəldə bilməyim. Detalı olmayan saatlar olub, qaytarıb vermişəm özlərinə. Mən saatı sökürəm, həmin vəziyyətdə şəkillərini çəkib müştəriyə atıram. Deyir ki, “sən bunu bir araya gətirib yığa biləcəksən?”. Mənim özümə inamım olmasa sökmərəm. Saatı sökürəm, yuyuram, yağlayıram, xarab hissələrini dəyişirəm və başlayır işləməyə. Bütün saatları bizə gətirirlər, amma təkcə mebel saatlar var ki, biz onları düzətmək üçün evlərə gedirik” -deyə saatsaz bildirib.