Ürək sağlamlığının sirri bu giləmeyvədə gizlənib

Alimlərin araşdırmalarına görə, xüsusilə antosiyaninlərlə zəngin olan qara qarağat qan təzyiqinin tənzimlənməsinə, damarların elastikliyinin qorunmasına və qan dövranının yaxşılaşmasına kömək edə bilər.

“Daily Express” nəşrinə istinadən, Çiçester Universitetinin idman fiziologiyası professoru Mark Villemsin araşdırmalarında qara qarağat ekstraktının qəbulunun cəmi 4-7 gün ərzində arterial qan axınını yaxşılaşdıra bildiyi müəyyən edilib. Bəzi müşahidələrdə qan dövranının təxminən 45 faiz artdığı bildirilib.

Tədqiqatçıların diqqətini çəkən əsas komponentlərdən biri antosiyaninlərdir. Giləmeyvəyə tünd rəng verən bu maddələr güclü antioksidant xüsusiyyətlərə malikdir. Onlar qan damarlarının genişlənməsinə, damar divarlarının elastikliyinin qorunmasına və orqanlara qan axınının yaxşılaşmasına kömək edə bilər.

Qara qarağatın tərkibində ürək-damar sisteminin fəaliyyəti üçün vacib olan kalium da var. Bu mineral qan təzyiqinin tənzimlənməsində rol oynayır.

Araşdırmalara əsasən, qara qarağatın təsiri sağlam insanlarda nisbətən məhdud ola bilər. Lakin yüksək qan təzyiqi və damar problemləri olan şəxslərdə onun faydalı təsirləri daha nəzərəçarpan ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, qara qarağat sağlam qidalanmanın bir hissəsi kimi ürək-damar sistemini dəstəkləyə bilər. Bununla belə, giləmeyvə hipertoniya müalicəsini və həkim tərəfindən təyin olunan dərmanları əvəz etmir.