“Ramanıda torpağı şəhidin atası alıb, pulunu dələduzlar götürüb, hasarını dövlət qurumları söküb — Vətənə xidmətin kollektiv məsuliyyət modeli!..”
-7 CÜMLƏDƏ 7 DƏRD...-
Məhkəmə işlərindən bəlli olur ki, adamların pir kimi etibar etdiyi məşhur bir məmurun “şefliyi” dövründə “Azenco”da elə çiçəklənmə olub ki, güllərin bir günlük hesabı 15 min manata çatıb(həmin etibarlı pir məmur bir gündə 15 min manatlıq gül aldırıb); görünür, şirkətin büdcəsi çiçək açırmış, indi isə məhkəmədə solan yarpaqların hesabı soruşulur!..
*** ***
Keşlədə kollektorun üstündə ev tikənlərə su öz hökmünü oxudu, Bəkir Çobanzadə küçəsində isə magistral kəmərlərin üstündə villa və obyekt tikənlər növbəti dərsi gözləyirlər – deyəsən, bəzi yüksək vəzifəli məmurlardan “sudan quru çıxmaq” sənətini yaxşı mənimsəyiblər!..
*** *** ***
Maştağada adam 7 aydır maşının kreditini ödəyir, indi də məlum olur ki, maşın paralel olaraq başqa adamlara da qazanc gətirir - avtomobil yox, çoxşaxəli biznes layihəsi imiş...
*** *** ***
“Sabiq millət(!) vəkili(!)” adlanan, əslində isə vaxtilə indiki məşhur 14 illik villa dustağından satın aldığı müddəti keçmiş mandatın sahibi - adının mənası “mağara yoldaşları” olan mağara təfəkkürlü birisinin Azərbaycan paytaxtının mərkəzindəki millətin Dirçəlişinin, suverenlik, müstəqillik və azadlığının(!) sürətlə start götürdüyü Azadlıq(!) meydanından başlanan Azadlıq(!) prospektindəki azad(!) söküntü və tikinti işləri azadlığa can atan qələm sahiblərinin söz azadlığına da meydan oxumaq iddiasındadır...
*** *** ***
Şamaxinkada lift aylardır işləmir, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə xaricdən ehtiyat hissəsi gözləyir — görünür, kosmosa peyk göndərən bir ölkədə əlil, xəstə, qoca vətəndaşları bircə mərtəbə yuxarı qaldırmaqdan ötrü beynəlxalq səviyyədə razılaşma lazımdır...
*** *** ***
Saray qəsəbəsində məktəbin binasını təmir ediblər, amma yolunu unudublar, bələdiyyənin qabağına asfalt çəkilib, amma məktəbin qarşısında azca yağış yağan kimi gölməçə yaranır – deyəsən, şagirdlərə təhsil almaq üçün əvvəlcə palçıqdan və gölməçədən keçid imtahanı vermək lazımdır!..
*** *** ***
Ramanıda torpağı şəhidin atası alıb, pulunu dələduzlar götürüb, hasarını dövlət qurumları söküb — Vətənə xidmətin kollektiv məsuliyyət modeli!..