Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. Büdcə müzakirələri zamanı ölkənin qarşıdakı ilin maliyyə imkanları, dövlət xərclərinin prioritetləri və iqtisadi inkişaf məsələləri diqqət mərkəzində olub.
Plenar iclasda çıxışı zamanı deputat Azər Əmiraslanov “yeni iqtisadiyyat quruculuğu” ifadəsinin siyasi və iqtisadi leksikona daxil edilməsini təklif edib. Bu təklif Azərbaycanın gələcək iqtisadi inkişaf modelinin mahiyyəti, yeni iqtisadiyyatın əsas hədəfləri və onun hansı istiqamətləri əhatə edəcəyi ilə bağlı müzakirələrə diqqəti yönəldir.
Maraqlıdır, yeni iqtisadiyyat quruculuğu konkret olaraq hansı iqtisadi dəyişiklikləri nəzərdə tutur?
Qeyri-neft sektorunun inkişafı, özəl kapitalın iqtisadiyyata cəlb edilməsi və xidmət ixracının genişləndirilməsi baxımından qarşıdakı dövrdə hansı imkanlar və perspektivlər mövcuddur?
Moderator.az-ın suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov cavablandırıb.
Azər Əmiraslanov Moderator.az-a açıqlamasında yeni iqtisadiyyat quruculuğunun mahiyyətindən, qeyri-neft sektorunun inkişafından, investisiya imkanlarından və xidmət ixracının genişləndirilməsi perspektivlərindən danışıb:
“Yeni iqtisadiyyat neft gəlirlərinin yaratdığı imkanlardan imtina etmək deyil, əksinə, həmin imkanları yeni gəlir, yeni ixrac, yeni texnologiya və yeni vergi bazasına çevirmək, dövlət üçün dayanıqlı iqtisadi sütunlar yaratmaq, vətəndaş üçün isə keyfiyyətli rifahı təmin etməkdir.
Bu mərhələ sadəcə qeyri-neft sektorunun statistik olaraq böyüməsi ilə deyil, iqtisadiyyatın strukturunun və keyfiyyətinin dəyişməsi ilə səciyyələnir. Əslində, bu, mahiyyət etibarilə, milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid prosesidir.
Bu mərhələdə dövlətin iqtisadiyyatda rolu keyfiyyətcə dəyişir. Bütün iqtisadi təşəbbüslərin yalnız büdcə hesabına maliyyələşdirilməsi əvəzinə, özəl kapital səfərbər edilir, əlverişli investisiya mühiti yaradılır, iqtisadi fəallıq stimullaşdırılır.
Rəqəmsal transformasiya, süni intellekt, innovasiya ekosistemləri, bərpaolunan enerji, nəqliyyat-logistika iqtisadi artımın yeni mənbələri kimi gündəmə gəlməkdədir. Eyni zamanda, vergi-gömrük güzəştləri və azadolmaları, sahibkarlığa dəstək mexanizmləri iqtisadi fəallığın stimullaşdırılmasına xidmət edir”.
Xidmət sektorunun inkişafına toxunan komitə sədri bu sahənin iqtisadiyyatın strukturunda artan rolunu xüsusi qeyd edib:
“Yeni iqtisadiyyat quruculuğunun əsas əlamətlərindən biri son illərdə xidmət sektorunun, xüsusilə də ticarət, nəqliyyat, logistika, turizm, informasiya və rabitə kimi sahələrin sürətlə inkişafı və onun ÜDM-də payının artıq 2025-ci ildə təxminən 45 faizə çatmasıdır. Xidmət ixracının artması da xüsusi olaraq qeyd edilməlidir.
Ötən ilin tədiyə balansının məlumatlarına əsasən, xidmət ixracımız 8,6 milyard dollar, xidmət idxalı isə 10,3 milyard dollar təşkil etmişdir. Bu rəqəmlər bir tərəfdən xidmət ixracı potensialının artdığını, digər tərəfdən isə yüksək əlavə dəyər yaradan xidmət sahələrinin inkişafı, xidmət idxalının əvəz edilməsi üçün geniş imkanların olmasından xəbər verir.
Bu potensial inkişaf etmiş iqtisadiyyatlarda olduğu kimi ölkəmizdə də xidmət sektorunun ÜDM-də payının perspektiv dövrdə daha da yüksəlməsini təmin edəcəkdir”.
Azər Əmiraslanov yeni iqtisadiyyatın formalaşmasında əvvəlki illərdə yaradılmış infrastrukturun əhəmiyyətini də vurğulayıb:
“Etiraf etməliyik ki, bugünkü yeni iqtisadiyyatın infrastrukturu əslində dünən yaradılmışdır. Vaxtilə neft gəlirləri hesabına çəkilmiş magistral yollar, dəmir yolu xətləri, qurulub-tikilmiş limanlar, enerji və kommunikasiya infrastrukturu, yaradılmış logistika imkanları bu gün öz strateji nəticələrini göstərir”.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor