Son 2 gündə Qara dənizdə 17 Azərbaycan vətəndaşı xilas edilib

Qara dənizin Bolqarıstan sularında qəzaya uğramış, Rumıniyadan Misirə təxminən 3 min ton buğda daşıyan Somali bayrağı altında üzən "BETUL 8" yük gəmisinin heyətində 4 Azərbaycan vətəndaşı olub.

Türkiyə mediasının məlumatına görə, ümumilikdə 12 nəfərdən ibarət heyətin 8-i Türkiyə, 4-ü isə Azərbaycan vətəndaşıdır. Onların axtarış-xilasetmə əməliyyatı zamanı helikopterlə gəmidən təxliyə edilərək sahilə aparıldığı bildirilir.

1988-ci ildə inşa edilmiş gəmi Bolqarıstanın müstəsna iqtisadi zonasında, Kaliakra burnundan təxminən, 40 dəniz mili cənub-şərqdə qəza siqnalı verib. Bolqarıstan mediası gəminin partlayışdan sonra batdığını iddia edib.

"BETUL 8" Rumıniyanın Tulça limanından Misirə təxminən 3 min ton buğda daşıyırdı. Gəmi Marşal adalarında qeydiyyatdan keçmiş "Optimus Marine" şirkətinə məxsusdur və həmin şirkət tərəfindən idarə olunur.

Qeyd edək ki, 15 noyabr 2026-cı il tarixində Rumıniyanın Sulina limanı yaxınlığında "Palmali" şirkətinə məxsus, göyərtəsində 13-ü Azərbaycan və 1-i Türkiyə olmaqla 14 nəfər olan "Alı Najafov" tankerə dron hücumu olub. Heyətin operativ müdaxiləsi ilə yanğının qarşısı alınıb, xəsarət alan olmadığı bildirilir.

XXX

Qara dənizin Bolqarıstan sularında Somali bayrağı altında üzən "BETUL 8" yük gəmisi batmaq təhlükəsi ilə bağlı həyəcan siqnalı verib. Gəminin heyəti onun batdığını bildirib.

"The Sofia Globe" nəşrinin yazdığına görə bu barədə ölkənin nəqliyyat nazirliyi məlumat yayıb.

Hadisə Kaliakra burnundan təxminən, 40 dəniz mili cənub-şərqdə baş verib. Hadisə yerinə "MCM Black Sea" mina əleyhinə dəniz qrupunun dörd gəmisi - iki Bolqarıstan, bir Rumıniya və bir Türkiyə gəmisi göndərilib.

Xilasetmə əməliyyatına, həmçinin Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus iki "Cougar" helikopteri və bir Su-25 təyyarəsi cəlb olunub. Onlar ərazidə müşahidə və kəşfiyyat aparırlar.

Gəmidə 12 nəfərlik heyət olub. BETUL 8 Rumıniyanın Tulça şəhərindən Misirə doğru hərəkət edir və təxminən 3 min ton buğda daşıyırdı.