Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində “Malakanka” MMC-yə məxsus konservləşdirmə və ət emalı müəssisəsində yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları aşkarlanıb. Müəssisənin fəaliyyətinin nöqsanlar aradan qaldırılanadək dayandırılması barədə qərar qəbul edilib.
Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqlamasına istinadən xəbər verir ki, yoxlama agentliyin Bakı Regional Bölməsi və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılıb. Müəssisədə müvafiq sənədləri olmayan ət və digər xammal, eləcə də işlənmiş fritür yağı aşkarlanıb.
AQTA-nın məlumatına görə, bəzi turşu və kolbasa məhsulları Bakıda istehsal olunsa da, etiketlərində istehsal ünvanı kimi İsmayıllı rayonunun İvanovka kəndi göstərilib. Bəzi turşu məhsullarının etiketində tərkib, istehsal tarixi, yararlılıq müddəti və mənşə barədə məlumat olmayıb. Müəssisənin yanındakı yarımtikilidə isə “Malakanka” markalı süd məhsullarının təkrar istifadə üçün nəzərdə tutulmuş qablarda qanunsuz qablaşdırıldığı müəyyən edilib.
Sahibkar barəsində protokol tərtib olunub. Məhsullardan laborator müayinə üçün nümunələr götürülüb və onların dövriyyəsi qadağan edilib. Yararlılıq müddəti bitmiş məhsulların məhv edilməsi barədə də qərar qəbul olunub.