Azərbaycanda bank əmanətləri üzrə faiz gəlirlərinə tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması yenidən gündəmə gəlib. Hazırkı qanunvericiliyə əsasən, manatla 18 ay və daha uzun müddətə yerləşdirilən əmanətlərin faiz gəlirlərinin tam vergidən azad edilməsi güzəşti 2026-cı ilin sonunda başa çatır.

Azərbaycanda əmanət faizlərinin vergiyə cəlb edilməsi qaydası indiyədək bir neçə dəfə dəyişdirilib.

1999–2014-cü illərdə bank əmanətləri üzrə faiz gəlirləri vergidən azad edilib. Bu siyasətin əsas məqsədi əhalinin banklara inamının artırılması, əmanətlərin cəlbinin stimullaşdırılması və bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi olub.

2015-ci ilin yanvarından qaydalar dəyişdirilərək hər bir bank üzrə illik faiz gəlirlərinin 500 manatadək hissəsi vergidən azad edilib. Bu məbləği aşan hissədən isə 10% gəlir vergisi tutulub.

2016-cı il fevralın 1-dən daha geniş güzəşt tətbiq olunub. Ölkədə baş vermiş devalvasiyalardan sonra bank sisteminə etimadın və əmanət bazasının qorunması istiqamətində fiziki şəxslərin bank depozitləri üzrə faiz gəlirləri tam vergidən azad edilib. Güzəşt ümumilikdə yeddi il qüvvədə qalıb.

2023-cü il fevralın 1-də yeddiillik güzəşt başa çatıb və bank əmanətlərinin faiz gəlirlərindən yenidən 10% vergi tutulmağa başlanıb.

Lakin 2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliklərlə yeni güzəşt mexanizmi tətbiq edilib. Hər bir bankda manatla yerləşdirilən əmanətlərin aylıq faiz gəlirlərinin 200 manatadək hissəsi müddətsiz olaraq vergidən azad edilib. Bundan əlavə, manatla 18 ay və daha uzun müddətə yerləşdirilən və əsas məbləği 18 aydan tez qaytarılmayan depozitlərin bütün faiz gəlirləri üç il müddətinə vergidən azad olunub.

Yeni mexanizmin əsas məqsədi əhalinin vergi yükünün azaldılması və banklarda uzunmüddətli manat əmanətlərinin təşviq edilməsi olub.

Hazırda isə Vergi Məcəlləsinin 102.1.22-4-cü maddəsində nəzərdə tutulan üçillik güzəştin müddəti başa çatmaq üzrədir.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, parlamentdə müzakirə edilən Vergi Məcəlləsinə dəyişikliklər paketində bir sıra güzəştlərin müddətinin uzadılması nəzərdə tutulsa da, uzunmüddətli əmanətlər üzrə bu güzəştin uzadılması yer almayıb.

Deputatın sözlərinə görə, dəyişiklik edilməzsə, 2027-ci ildən 18 ay və daha uzun müddətə yerləşdirilən manat əmanətlərinin aylıq faiz gəlirlərinin 200 manatdan artıq hissəsi də 10% vergiyə cəlb olunacaq.

Məsələn, aylıq faiz gəliri 500 manat olan əmanətçinin gəlirinin 300 manatlıq hissəsinə vergi tətbiq ediləcək. Bu isə hər ay 30 manat, illik 360 manat vergi ödənişi deməkdir.

V.Bayramov qeyd edib ki, hazırda bankların ümumi öhdəliklərinin 76,4 faizini, yaxud 41,8 milyard manatını depozit portfeli təşkil edir. Portfelin 42,6 faizi fiziki şəxslərin vəsaitlərinin payına düşür. Fiziki şəxslərin əmanətlərinin isə 64,7 faizi müddətli depozitlərdən ibarətdir.

Deputatın təqdim etdiyi məlumatlara görə, vergi güzəştlərinin tətbiqindən sonra unikal əmanətçilərin sayı 106,7 mindən 226,1 minə yüksəlib. Unikal müddətli əmanətçilərin sayı isə ilin əvvəlindən 16,4% artıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2026-cı ilin sentyabr ayının sonuna fiziki şəxslərin banklardakı əmanətləri 18,84 milyard manat təşkil edib. Bunun 11,73 milyard manatı (62,3%) müddətli, təxminən 7,11 milyard manatı (37,7%) isə tələbli əmanətlərin payına düşüb.

Onun fikrincə, bankların biznes kreditlərini artırması üçün uzunmüddətli depozit resurslarına ehtiyacı var. Bu baxımdan 18 ay və daha uzun müddətə yerləşdirilən manat əmanətlərinin faiz gəlirlərinin daha üç il müddətinə vergidən azad edilməsi məqsədəuyğundur.

V.Bayramov bu təklifi Milli Məclisin komitə iclasında da səsləndirdiyini bildirib.

Beləliklə, güzəşt uzadılmasa, 2027-ci ildən uzunmüddətli manat əmanətlərinin faiz gəlirlərinə də ümumi vergi qaydası tətbiq olunacaq. Bununla belə, hər bir bank üzrə aylıq 200 manatadək faiz gəlirinin vergidən azad edilməsi qüvvədə qalacaq.