Həkimlərin xaricə axınının qarşısını necə almaq olar? - Məşhur cərrah açıqladı

“Səhiyyənin maliyyələşdirilməsinə yalnız illik büdcə artımları prizmasından deyil, uzunmüddətli strateji hədəflər baxımından yanaşmalıyıq”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, məşhur cərrah Rəşad Mahmudov parlamentdə 2027-ci büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, son illərdə icbari tibbi sığortanın tətbiqi, TƏBİB-in yaradılması, səhiyyə infrastrukturunun yenilənməsi və maliyyə imkanlarının genişləndirilməsi bu sahədə mühüm təməl formalaşdırıb.

“Səhiyyə sisteminin vahid strateji çərçivədə, Səhiyyə Nazirliyinin koordinasiyası altında fəaliyyət göstərməsi istiqamətində atılan addımları bu baxımdan əhəmiyyətli hesab edirəm. Lakin burada çox vacib bir prinsip var. Tibbi sığorta ilə sığorta tibbi eyni anlayış deyil”, - o qeyd edib.

Rəşad Mahmudov vurğulayıb ki, tibbi sığorta maliyyələşdirmə və xidmətlərin satın alınması mexanizmidir: “Siğorta tibbi isə həkimlərin, tibb işçilərinin və tibb müəssisələrinin həyata keçirdiyi peşəkar fəaliyyətdir. Bu iki istiqamət bir-birini tamamlamalıdır. Necə ki, insanın iki ayağı ahəngli hərəkət etmədikdə onun yerişi pozulur, səhiyyədə də maliyyələşdirmə ilə real tibbi xidmət arasında uyğunluq olmadıqda bütövlükdə sistemin effektivliyi zəifləyir.

Sığorta mexanizmi tibbin real ehtiyaclarına, tibbi xidmət isə maliyyə imkanlarına və keyfiyyət standartlarına uyğun inkişaf etməlidir”.

Komitə sədrinin müavini onu da qeyd edib ki, səhiyyə sistemini yalnız maliyyə və inzibati mexanizmlərlə inkişaf etdirmək mümkün deyil:

“Onun mərkəzində insan dayanmalıdır. Həkim və tibb işçisi özünü yalnız nəzarət olunan deyil, eyni zamanda dövlət tərəfindən qorunan, dəstəklənən və inkişafına şərait yaradılan sistemin ayrılmaz hissəsi kimi hiss etməlidir. Çünki səhiyyə böyük məsuliyyət, risk, uzunmüddətli hazırlıq və fədakarlıq tələb edən sahədir. Bu gün insan kapitalına münasibətimiz gələcək onilliklərdə səhiyyəmizin səviyyəsini müəyyən edəcək.

Burada xüsusi vurğulamaq istədiyim digər məsələ dövlət və özəl tibb müəssisələrinə münasibətdir.Səhiyyə Nazirliyi ölkədə tibbi xidmət göstərən bütün müəssisələrə, onların mülkiyyət formasından asılı olmayaraq, vahid səhiyyə sisteminin iştirakçıları kimi yanaşmalıdır.

Dövlət xəstəxanası da, özəl xəstəxana da, kiçik bir müayinəxana da Azərbaycan vətəndaşına xidmət göstərir. Onların hər biri ölkənin səhiyyə potensialının bir hissəsidir.

Dövlətin vəzifəsi yalnız öz tabeliyində olan müəssisələri deyil, bütövlükdə səhiyyə sistemini qorumaq, tənzimləmək və inkişaf etdirməkdir”.

Onun sözlərinə görə, özəl sektorun mövcud infrastrukturu və investisiyalarından istifadə müəyyən hallarda dövlətin əlavə tikinti və avadanlıq xərclərini də azalda bilər. Əsas məsələ xidmətin harada göstərilməsi deyil, hansı keyfiyyətlə, hansı təhlükəsizlik standartları əsasında və hansı iqtisadi səmərəliliklə göstərilməsidir:

“Buna görə də tibb müəssisələrinin qiymətləndirilməsində və maliyyələşdirilməsində mülkiyyət formasından daha çox onların peşəkar imkanları, xidmət keyfiyyəti və nəticələri əsas götürülməlidir. Biz heç bir xarici ölkənin səhiyyə modelini olduğu kimi köçürməməliyik. Azərbaycanın öz milli səhiyyə sistemi, öz reallıqları və artıq formalaşmış mühüm imkanları var.

Məqsədimiz mövcud sistemi dağıdıb yenisini qurmaq deyil, onun güclü tərəflərini qoruyaraq zəif tərəflərini elmi əsaslarla təkmilləşdirmək olmalıdır. Əks halda hər beş-on ildən bir eyni problemlərlə yenidən qarşılaşmaq riskimiz qalacaq”.

Deputat onu da bildirib ki, ədalətli tənzimləmə, dövlət-özəl əməkdaşlığı və insan kapitalının qorunması prinsiplərini gücləndirməklə həkimlərimizin xaricə axınını azalda, xaricdə çalışan yüksək ixtisaslı mütəxəssislərimizin ölkəmizə qayıtması üçün daha əlverişli mühit yarada bilərik: “Rezidentura ixtisas təhsilinin davamı olsa da, rezident həkimlər eyni zamanda xəstəxanalarda real tibbi xidmətin göstərilməsində iştirak edir, konkret iş və məsuliyyət daşıyırlar.

Ona görə də onların təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi ilə yanaşı, gördükləri işə görə xəstəxanalarla əmək münasibətləri çərçivəsində əlavə əməkhaqqı almaları üçün mexanizm yaradılmalıdır Bu, mövcud tibbi xidmət tarifləri daxilində də nəzərdən keçirilə bilər.

Eyni zamanda, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professor-müəllim heyətinin əməkhaqqı məsələsinə də diqqət yetirilməsini vacib hesab edirəm. Onların əməkhaqqı sistemi də elmi-pedaqoji fəaliyyətləri, peşəkar məsuliyyətləri və klinik xidmətləri nəzərə alınmaqla yenidən qiymətləndirilməlidir”.