Möhtərəm cənab Prezident!
Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə Sizin müvafiq Sərəncamınızla "Tərəqqi" medalı ilə təltif olunmağım mənim üçün böyük şərəf, eyni zamanda uzun illər ərzində gördüyüm işə verilən yüksək dövlət qiymətidir. Bu ali diqqətə və əməyimə göstərdiyiniz etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan Televiziyası və Radiosunda fəaliyyət göstərdiyim illər ərzində öz peşə borcumu hər zaman milli-mənəvi dəyərlərimizə, dövlətçilik maraqlarımıza və Azərbaycan dilinin qorunmasına xidmət etmək prinsipi əsasında qurmuşam. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin TV Dublyaj redaksiyasının baş redaktoru kimi fəaliyyətimi doğma dilimizin zənginliyinin, gözəlliyinin və ifadə imkanlarının qorunmasına, ekran əsərlərinin Azərbaycan dilində yüksək peşəkarlıqla tamaşaçılara təqdim olunmasına töhfə vermək missiyası hesab etmişəm.
İnanıram ki, televiziya və radio yalnız informasiya və maarifçilik vasitəsi deyil, həm də milli kimliyimizin, dilimizin və mədəniyyətimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm mənəvi tribunadır.
Sizin rəhbərliyinizlə ölkəmizdə milli mədəniyyətin, incəsənətin, ana dilimizin və milli media ənənələrinin inkişafına göstərilən diqqət və qayğı biz media nümayəndələrinə daha böyük məsuliyyət və ruh yüksəkliyi ilə çalışmağa stimul verir.
Mənə göstərilən bu yüksək etimadı bundan sonrakı fəaliyyətimdə də doğrultmağa, Azərbaycan dövlətinə, xalqımıza və milli mədəniyyətimizə sədaqətlə xidmət etməyə çalışacağam.
Möhtərəm cənab Prezident!
Əməyimə verdiyiniz yüksək qiymətə, diqqət və qayğınıza görə Sizə bir daha dərin təşəkkürümü və minnətdarlığımı bildirir, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyiniz şərəfli fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, yeni müvəffəqiyyətlər arzulayıram.
Dərin hörmət və ehtiramla,
İbrahim Qurbanov,
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin TV Dublyaj redaksiyasının baş redaktoru,
Azərbaycan Respublikası, Bakı şəhəri.