Milli Məclisdə rus bölməsi müzakirəsi - Deputat nə təklif etdi?

“Bir statistik araşdırma apardım, bəlli oldu ki, bu gün Azərbaycanda rus bölməsində 157 min şagird təhsil alır. Bu isə ümumi şagirdlərimizin 9,5%-ni təşkil edir. Azərbaycan bölməsinə gedənlərin sayı isə 1 milyon 570 min nəfərdir”.

Bunu Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Hikmət Babaoğlu parlamentin noyabrın 16-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O deyib ki, dövlət bir şagirdin təhsili üçün dövlət büdcəsinə ildə 2000 manat vəsait ayırır.

“Görəsən Azərbaycanda ingilis dilində dövlət hesabına təhsil verən orta məktəblər varmı? Demək olar ki, yoxdur. Çin dilində varmı? Yoxdur. Fransız dilində varmı? Xeyr. Belə olan halda görəsən, rus dilinin Azərbaycanda xüsusi əhəmiyyətli statusu nədədir ki, 157 min şagird bu dildə təhsil alır, onun da təhsilhaqqını dövlət ödəyir? İstər-istəməz sual yaranır, nə üçün? Bu barədə düşünmək lazımdır. Ali təhsil məsələlərində yenə dövlət sifarişli, yəni xərcini dövlətin çəkdiyi 2195 tələbə rus dilində təhsil alır. Bu da demək ali təhsildə tələbələrin 7,85%-ni təşkil edir”, - H.Babaoğlu vurğulayıb.

Deputat hesab edir ki, bu pullar ideoloji sağlamlığa xərclənsə daha yaxşı nəticə əldə etmək olar.