"Rus bölməsinin xüsusi statusu nədir ki, xərcini dövlət ödəyir?" - Deputatdan sərt ETİRAZ

"Azərbaycanda 157 min şagird rus bölməsində təhsil alır və onların təhsil xərcləri dövlət büdcəsi hesabına qarşılanır".

Bunu Milli Məclisin plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deputat Hikmət Babaoğlu bildirdi.

Deputat qeyd etdi ki, milli kimlik və milli ideologiya təhsil prosesində formalaşır. Onun sözlərinə görə, hazırda Azərbaycanda Azərbaycan bölməsində 1 milyon 570 min, rus bölməsində isə 157 min şagird təhsil alır.

Hikmət Babaoğlu diqqətə çatdırdı ki, bir şagirdin dövlət büdcəsinə illik xərci 2 min manat təşkil edir. O, dövlət hesabına ingilis və ya Çin dilində təhsil alan şagirdlərin, demək olar ki, olmadığını vurğulayaraq rus bölməsində təhsilin maliyyələşdirilməsi məsələsinə diqqət çəkdi:

"Belə olan halda Azərbaycanda rus dilinin xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır və bu xərcləri dövlət ödəyir? Nə üçün? Bu barədə düşünmək lazımdır. Ali təhsil müəssisələrində də belədir".