Bakı, 16 noyabr, AZƏRTAC Naxçıvan dəmir yolu layihəsi Azərbaycanın iqtisadi imkanlarını genişləndirəcək strateji nəqliyyat xəttidir. Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta ilə görüşündə Naxçıvan dəmir yolu layihəsi üzrə Aİ tərəfindən aparılan qiymətləndirmənin tezliklə yekunlaşdırılacağını bildirilməsi layihənin beynəlxalq nəqliyyat və iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətini yenidən gündəmə gətirir.Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadi elmləri doktoru, professor Ağarza Rüstəmov deyib. Onun sözlərinə görə, bu qiymətləndirmə yalnız dəmir yolunun tikintisinə texniki baxış kimi qəbul edilməməlidir. “Söhbət layihənin iqtisadi səmərəliliyinin, maliyyələşmə imkanlarının, regional nəqliyyat əlaqələrinə təsirinin və Avropa ilə Asiya arasında yükdaşımaların inkişafına verə biləcəyi töhfənin araşdırılmasından gedir. Naxçıvan dəmir yolu Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru nəqliyyat əlaqəsinin yaradılması, ölkənin tranzit imkanlarının genişləndirilməsi və regional iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, 2026-cı il yanvarın 28-də Azərbaycan və Avropa İttifaqı Naxçıvan dəmir yolu layihəsinin inkişafı ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirakı ilə texniki-iqtisadi əsaslandırma araşdırmasının hazırlanmasına dair razılıq əldə ediblər. Layihə Avropa İttifaqının “Global Gateway” təşəbbüsü və yeni Transregional Bağlantı Gündəliyi çərçivəsində nəzərdən keçirilir. Qiymətləndirmənin əsas məqsədi Naxçıvan dəmir yolu şəbəkəsinin müasir standartlara uyğun bərpası və modernləşdirilməsi üçün zəruri texniki, iqtisadi və maliyyə parametrlərini müəyyənləşdirməkdir. Aİ-nin Azərbaycan nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri Viktor Boykovun 2026-cı il iyunun 5-də verdiyi açıqlamaya görə, mütəxəssislər Culfa-Naxçıvan istiqamətində texniki baxış keçiriblər. Təxminən 20 kilometrlik məsafənin iş qatarı ilə aşağı sürətlə qət edilməsi də mövcud xəttin texniki problemlərini əyani şəkildə göstərib. Dəmir yolunun bərpası üçün nə qədər investisiya tələb olunduğu, tikinti və təmir işlərinin xərcləri, istifadə olunacaq texnologiyalar, avadanlıqlar və əmək resursları hesablanır və layihənin ilkin dəyərinin təxminən 1 milyard dollar səviyyəsində ola biləcəyi qeyd edilib. Burada mühüm bir məqam da var: söhbət təkcə yeni dəmir yolunun çəkilməsindən getmir. Naxçıvanda mövcud dəmir yolu şəbəkəsinin bərpası və modernləşdirilməsi də layihənin mühüm tərkib hissəsidir”, - deyə Ağarza Rüstəmov vurğulayıb.Naxçıvan dəmir yolu şəbəkəsinin əsas xəttinin uzunluğu yenidənqurma layihəsi çərçivəsində təxminən 194 kilometr təşkil edəcək. Layihədə 10 stansiyanın, 3 platformanın, 29 körpünün, 11 yerüstü keçidin və digər mühəndis qurğularının tikintisi və əsaslı təmiri nəzərdə tutulur. Modernləşdirmədən sonra bu dəmir yolu xəttinin illik yükdaşıma qabiliyyətinin 15 milyon tona çatdırılması planlaşdırılır. Bu göstərici layihənin yalnız Naxçıvanın daxili nəqliyyat ehtiyaclarına xidmət etməyəcəyini, həm də beynəlxalq yükdaşımalar üçün əhəmiyyətli infrastruktur olacağını göstərir. Horadiz–Ağbənd dəmir yolu isə Azərbaycanın əsas ərazisindən Zəngilan istiqamətinə uzanaraq gələcəkdə Naxçıvanla birbaşa dəmir yolu əlaqəsinin yaradılmasına xidmət edəcək. Bu xəttin uzunluğu 110,4 kilometrdir. Beləliklə, hər iki istiqamətin əlaqələndirilməsi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dəmir yolu bağlantısının formalaşmasına, Türkiyəyə və daha geniş beynəlxalq nəqliyyat şəbəkəsinə çıxış imkanlarının genişlənməsinə şərait yaradacaq.Naxçıvan dəmir yolu layihəsinin Azərbaycan iqtisadiyyatı üçün ən mühüm nəticələrindən biri ölkənin beynəlxalq tranzit imkanlarının genişlənməsi olacaq. Hazırda Avropa ilə Asiya arasında yükdaşımaların inkişafında Orta Dəhlizin rolu artır. Bu marşrut Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirir. Naxçıvan istiqamətində dəmir yolu əlaqəsinin yaradılması bu nəqliyyat sisteminə əlavə imkanlar qazandıracaq. Azərbaycan ərazisindən keçən yük axınları üçün alternativ marşrutlar formalaşacaq, ölkənin beynəlxalq logistika şəbəkəsində iştirakı genişlənəcək.“Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, Aİ-in Naxçıvan dəmir yolu layihəsinə marağı yalnız Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə məhdudlaşmır. Bu marağın arxasında Avropanın Asiya ilə nəqliyyat əlaqələrini şaxələndirmək və yeni logistika imkanları yaratmaq strategiyası dayanır. Avropa üçün Orta Dəhliz Çin və Mərkəzi Asiya bazarlarına çıxışın alternativ istiqamətlərindən biridir. Bu dəhlizin inkişafı Avropa şirkətlərinə yeni ticarət imkanları yaradır, eyni zamanda təchizat zəncirlərinin bir marşrutdan asılılığını azaldır. Yəni bu gün Avropanın Azərbaycana ehtiyacı var və bu faktorda əməkdaşlıq əlaqələrinin artırılmasını tələb edir”, - deyə professor vurğulayıb.